Xatırlayırsınız isə, bir müddət bundan öncə, İnternet şəbəkəsində naməlum Rolls-Royce avtomobilinin tizeri dərc edilmişdi. Bu günlərdə Braziliyanın patent orqanlarında unikal Rolls-Royce avtomobilinin patent təsvirləri aşkar edilib. Böyük ehtimalla, tizerdəki və patent təsvirlərindəki avtomobil eyni avtomobildir.
Patent təsvirlərinin qeydə alınması üçün ərizə Braziliya patent orqanlarına bu ilin mart ayında verilib. Qeyd etmək lazımdır ki, eyni ərizədən keçən ilin 18 sentyabrında Almaniyanın patent idarəsinə də təqdim edilmişdi. Təqdim edilən patent ərizəsində, mövcud olan Rolls-Royce modellərinə bənzəməyən avtomobil təsvir olunub. Çox güman ki, avtomobil xüsusi sifarişlə yeganə nüsxədə buraxılacaqdır.
Naməlum avtomobil ikiqapılı kuzova malik olduğuna görə, onun Wraith modelinin bazasında inşa edildiyini ehtimal etmək olar. Əgər bu həqiqətən də belədirsə, avtomobilin görkəmini dəyişmək üçün, Britaniya markasının dizaynerlərinin böyük iş gördüyünü söyləmək lazımdır.
Ön tərəfdə hər kəsin yaxşı tanıdğı radiator barmaqlığı mövcud olsa da, ön hissənin dizaynı digər Rolls-Royce modellərində olduğundan tamamilə fərqlidir - burada nazik formaya malik olan ön fənərlər diqqəti çəkir. Digər maraqlı dizayn elementlərinə misal olaraq kupenin dam xəttini və baqaj qapağını göstərmək olar. Sonuncu bahalı yaxtaların ağacla örtülmüş göyərtəsinə bənzəyir.
Adətən, Rolls-Royce tərəfindən yeganə nüsxədə hazırlanan avtomobillər donorları ilə eyni texniki hissəyə malik olurlar. Müvafiq olaraq, naməlum kupenin 632 at qüvvəsi və 870 Nm fırlanma anı hasil edən 6,6-litrlik iki turbokompressorlu V12 mühərriki və 8-pilləli "avtomat" ilə təchiz olunacağını ehtimal etmək olar. Wraith kupesi 100 km/saat həddinə 4.5 saniyəyə sürətlənir. Onun maksimal sürət saatda 250 kilometrdir.