Şənbə günü Brənds Hətç avtodromunda keçirilmiş yarışın qalibi BMW komandasının alman pilotu Marko Vittmann olub. Pouldan start alan Vittmann bu mövsümdəki dördüncü qələbəsini əldə edib. Audi komandasının pilotları Rene Rast - ikinci, Niko Müller isə, üçüncü yerdə yarışı bitiriblər.

Yarışın startı sürprizsiz ötüşməyib - Aston Martin pilotu Pol di Resta güclü start alaraq bütün rəqiblərini geridə qoyaraq liderliyə yüksəlib. Lakin, yarışın hakimləri şotlandiyalının falstart etdiyini bildirərək ona 5 saniyəlik dur-get cəzasını tətbiq ediblər. Pit-stopda cəzasını çəkən di Resta səkkizinciliyə qədər geriləyib və yarışın sonuna yaxın ümumiyyətlə texniki nasazlıq ucbatından yarışı tərk edib. 

Yarışda cəza alan tək Pol di Resta olmayıb. Startda Timo Qlok (BMW) Ceyk Dennislə toqquşub, lakin bu qəzanın səbəbkarı Timo deyil, onu vuran digər Aston Martin pilotu Daniel Hunkadelya olub. Hakimlər ispan pilota pitdən keçmə  cəzası veriblər.  

Pol di Restanın geriləməsindən sonra liderlik Vittmanna keçib. Alman pilot onu təqib edən Rene Rastdan bir dövrə əvvəl pit-stopa yollanıb və bu ona liderliyini qorumağa imkan verib. Rene Rast isə, pit-stopdan sonra liderə çata bilməyib. Marko Vittmann rəqibi ilə 5,6 saniyəlik fərq yaradaraq yarışı rahat şəkildə davam etdirib. Yalnız son dövrədə alman pilot bir qədər yavaşlayıb və nəticədə Rast ona çata bilib. Lakin, Rene rəqibinə hücum etmək şansına malik olmayıb.

Bununla belə, ikinci yer sayəsində Rene Rast pilotlar birinciliyindəki liderliyini davam etdirir. Onun əsas rəqibi komanda yoldaşı Niko Müller və Marko Vittmanndır.