Volkswagen AG konserninin qanadı altında daha bir brend peyda olacaqdır. Rəsmi olaraq, bu il ABŞ-da Scout adlanan ayrıca şirkətin yaradılacağı bildirilib. Xatırladaq ki, alman konsernində artıq belə addan istifadə olunur - Skoda avtomobillərinin “ofroud” versiyaları belə indeksə malikdirlər.

Lakin Amerikada bu markanın özünəməxsus, daha zəngin tarixi var: 1961-ci ildən 1980-ci ilə qədər Scout markası altında buraxılan ofrouder və pikapları International Harvester şirkəti istehsal edib. Hazırda Navistar International adlanan bu şirkət daha çox ağır yük maşınları ilə tanınır. Vaxtı ilə, Scout avtomobilləri Jeep CJ və Ford Bronco ofrouderləri ilə rəqabət aparırdılar.

Bu məsələ barədə hüquqi təfərrüat olmasa da, görünən odur ki, Volkswagen rəsmi olaraq Scout brendinin bütün hüquqlarını satın alıb, çünki bu marka altında altmışıncı və yetmişinci illərin “Skautlarının” birbaşa varislərini istehsal edəcəklər. Eskizdəki ofrouder oxşar nisbətlərə və hətta yan şüşələrin oxşar formasına malikdir. İkinci model ikicərgəli kabini olan böyük pikapdır, lakin orijinal Scout modelinin belə bir versiyası olmayıb.

Yeni Scout ofrouderlərinin elektriklə hərəkət edəcəklərini qeyd etmək lazımdır. Bir sözlə, almanların hədəfində Rivian, GMC Hummer və gələcək Tesla Cybertruck pikapları var. 

Volkswagen konserninin belə bir layihəni hazırladığı barədə şayiələr 2018-ci ildə peyda olub, buna görə də, yeni modellərin hazırlanması prosesi ən azı dörd ildir ki, davam edir. Təəccüblü deyil ki, ilk prototiplər 2023-cü ildə nümayiş etdirilməlidirlər. Onların kütləvi istehsalının başlanması isə, 2026-cı ilə planlaşdırılıb.

Scout elektromobilləri ABŞ-da istehsal ediləcəkdirlər, lakin başqa təfərrüatlar hələlik açıqlanmayıb. Yeni brend, Volkswagen konserninə ABŞ bazarındakı payını iki dəfə artırmağa kömək etməlidir - 2030-cu ildə alman konserni bazardakı payını 10 faizə çatdırmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.