Volvo şirkəti yeni flaqmanını nümayiş etdirib. Formal olaraq EX90 mövcud XC90 krossoveri ilə eyni pillədə dursa da, elektrik krossoveri daxili yanma mühərrikli analoqunu əvəz etməyəcək, əksinə İsveç brendinin model çeşidini tamamlayacaqdır.

Volvo XC90 modeli isə tezliklə ikinci restaylinqdən keçəcək və ən azı 2025-ci ilə qədər İsveç istehsalçısının model xəttində qalacaqdır, çünki benzin və dizellə işləyən avtomobillərə tələbat kifayət qədər yüksəkdir. Volvo EX90 elektrik krossoveri isə şirkətin ən güclü, ən təhlükəsiz və ən bahalı modeli olacaqdır.

Yeddi nəfərlik elektrik krossoveri daxili yanma mühərrikli qohumu ilə müqayisədə daha böyükdür: onun uzunluğu 84 millimetr (5037 millimetr), eni 33 millimetr (1964 millimetr) artsa da, hündürlüyü 23 millimetr (1744 millimetr) azalıb. Eyni zamanda, onun təkər bazası simvolik olaraq 1 millimetr artıb və hazırda 2985 millimetr təşkil edir.

Müasir Volvo avtomobillərinin tanınan dizayn üslubu qorunub saxlanılıb, daha rəvan kapot, bağlı ön panel, gövdənin hamar alt hissəsi və “batırılmış” qapı tutacaqları sayəsində aerodinamik müqavimət əmsalını 0,29-a endirmək mümkün olubr. Xatırladaq ki, Volvo XC90 modelində bu əmsal  0,30-dur.

Yeni Volvo krossoverinin ən yaxın texniki qohumu bu yaxınlarda təqdim edilmiş Polestar 3 modelidir: avtomobillər unifikasiya edilmiş kuzov konstruksiyasına, şassiyə və bütün elektrik komponentlərinə malikdirlər. Kuzov poladdan hazırlanıb, baza təchizatına matrisa fənərləri və 21-düymlük təkər diskləri daxildir.

Ön baqaj bölməsinin həcmi 37 litr, əsas arxa baqajın isə 310 litrdir. Üçüncü oturacaq sırasının qatlanması halında bu rəqəm 655 litrə qədər artır. İkinci və üçüncü cərgələrin qatlanması isə, 1915 litrlik həcmi əldə etməyə imkan verir. Xatırladaq ki, Volvo XC90 modelində bu göstərici 1856 litrə bərabərdir.

Yeni elektrik krossoveri Geely holdinqi tərəfindən elektromobillər üçün hazırlanmış SEA1 (Sustainable Experience Architectureı) modul platformasına əsaslanır. Elektrokar öndə ikiqat köndələn qolları, arxada isə çoxqollu asqısı olan şassiyə malikdir.

Standart variant yaylı asqıya və 215 millimetrlik klirensə malikdir, lakin belə krossoverlər sonradan satışa çıxarılacaqlar. İlkin olaraq, Volvo EX90 yalnız ikikameralı pnevmobalonları olan pnevmatik asqı ilə təchiz ediləcəkdir. Standart vəziyyətdə klirens 210 millimetrdir.

Krossover yalnız iki mühərriklə təmin edilən tam ötürmə ilə təklif olunur. Başlanğıc Twin Motor versiyasında ön elektrik mühərrikinin gücü 163, arxa mühərrikin isə 245 at qüvvəsi təşkil edir. Güc qurğusunun ümumi hasilatı 408 at qüvvəsi və 770 Nm fırlanma anıdır.

Bir pillə yuxarıda Polestar 3 ilə eyni transmissiya sxeminə malik olan Twin Motor Performance modifikasiyası durur. Bu versiyada yalnız 272 at qüvvəli ön mühərrik  daim işləyir, 245 at qüvvəli arxa mühərrikdə differensial əvəzinə bort muftaları quraşdırılıb. 

Elektronika onların kilidlənmə dərəcəsini oynayaraq, dartma vektorunu idarə edə və ya arxa mühərriki təkərlərdən tamamilə ayıra bilər. Sistemin pik hasilatı 517 at qüvvəsi və 910 Nm (ABŞ üçün güc 503 at qüvvəsinə endirilir) təşkil edir.

Hələlik CATL litium-ion dartma batareyasının yalnız bir versiyada - 111 kilovat/saatlıq (istifadə olunan 107 kilovt/saat) tutumla təklif olunur. Batareya 400 volt işləmə gərginliyinə, alüminium gövdəyə və istilik nasosu olan qabaqcıl maye soyutma sisteminə malikdir. 

Dolu batareya ilə, 2818 kiloqram boş çəkisi olan baza krossoveri WLTP dövrünə əsasən 585 kilometrə qədər məsafə qət bilər, Performance versiyasının göstəricisi 580 kilometrdir. Buna baxmayaraq, Amerikan EPA metodikasına əsasən elektrik krossoverinin yürüş ehtiyatı cəmi 300 mil (483 kilometr) elan edilib.

Daimi cərəyanlı yükləmə cihazı 250 kilovata qədər gücü dəstəkləyir. Yeri gəlmişkən, Volvo EX90 modelinə digər elektrik avtomobilləri də daxil olmaqla enerji istehlakçılarını qoşmaq olar.

2020-ci ildən etibarən bütün Volvo avtomobillərinin maksimal sürəti 180 km/saatla məhdudlaşdırılıb. Bu yeni krossoverə də aiddir. EX90 modelinin baza versiyası 100 km/saata 5,9, Performance versiyası isə 4,9 saniyəyə sürətlənir. Krossover çəkisi 2200 kiloqrama qədər olan qoşquları yedəyə ala bilər. “Bir pedalla” idarəetmə rejimi də mövcuddur ki, sürətlənmə və yavaşlama akselerator pedalının basılma dərəcəsi ilə tənzimlənir.

Krossoverin baza təchizatına genişləndirilmiş funksionallığa malik olan Pilot Assist adaptiv kruiz-kontrolu daxildir. Lakin proqram təminatı yeniləndikcə Volvo EX90 həm də tamölçülü avtopilota sahib olacaqdır: gərək olan avadanlıq artıq hazırdır. 

Damda 1550 nanometr dalğa uzunluğuna malik olan lazerdən istifadə edən Luminar lidar quraşdırılıb. Onun köməkliyi ilə avtopilot sistemi avtomobilin qarşısındakı 250 metrə qədər məsafədəki piyadaları, 120 metrlik məsafədə isə yolda qalmış təkəri tanıya biləcəkdir. Kompleksə həmçinin 16 ultrasəs sensoru, səkkiz kamera və beş radar daxildir. Bütün bu təsərrüfatı Nvidia Orin prosessoru  idarə edir.

Üç sıralı interyer minimalizm üslubunda tərtibata malikdir. Ön paneldə avtopilotun işləməsi haqqında əməliyyat məlumatlarını əks etdirən cihazlar panelinin yığcam displeyi var.  Mərkəzdə diaqonalı 14,5 düym olan planşet yerləşir. Analoq düymələr qalmayıb, hətta sükan çarxının qollarında da sensorlu panellər yerləşir, transmissiyanın idarə olunmasına isə, sağ tərəfdəki sükanaltı dəstək cavabdehdir.

Oturacaqların üzlənməsi üçün əsl dəridən istifadə olunmayacaqdır, onun əvəzinə yun qatışığı olan bahalı parça təklif edilir. Dekorativ panellər üçün isə, təkrar emal edilmiş plastik butulkalardan, habelə İsveç və Finlandiyadakı meşələrin planlaşdırılan qırılmasından sonra əldə edilən ağac qırıntılarından hazırlanan Nordico adlı material nəzərdə tutulub.

Android Automotive OS əməliyyat sisteminə əsaslanan multimedia sistemi, quraşdırılmış Google xidmətləri olan zəngin onlayn imkanlara malikdir. 5G qurğusu və havadan yeniləmə funksiyası da mövcuddur, üstəlik avtomobil sahibinin qadcetləri və ağıllı evi ilə daim əlaqə saxlaya bilər. Opsional Bowers & Wilkins səs sisteminin 25 dinamiki var.

Tavandakı sensorlar salondakı mikrohərəkətləri aşkar edə bilər, orada təsadüfən uşaq və ya ev heyvanın qalması halında, elektromobil sürücünün smartfonuna nəinki həyəcan siqnalı göndərəcək, həm də rahat şəraiti təmin etmək üçün klimat-kontrolu işə salacaq, media sisteminin ekranında isə, yoldan keçənlər üçün böyük ölçülü xəbərdarlığı göstərəcəkdir.

Nəhayət, salondakı iki kamera sürücünü izləyəcək: onlardan biri sükan sütununda, ikincisi isə ön panelin mərkəzində quraşdırılıb. Sükan arxasında olan şəxsin aşkar edilən yorğunluq səviyyəsindən asılı olaraq, elektronika idarəetməyə müdaxilə dərəcəsini dəyişəcəkdir. Volvo hesab edir ki, yeni təhlükəsizlik sistemləri qəzaların sayını 20% (XC90 modeli ilə müqayisədə) azaldacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Volvo EX90 elektomobilləri  eyni anda iki zavodda istehsal olunacaqlar. İlk olaraq, elektrik krossoverinin istehsalı 2023-cü ilin əvvəlində Volvo şirkətinin Cənubi Karolinadakı (ABŞ) müəssisəsində təşkil olunacaqdır. Burada hazırda yalnız Volvo S60 sedanları istehsal edilirlər.

Daha sonra isə, EX90 modelinin Çindəki Geely zavoduna buraxılmasına start veriləcəkdir. Artıq bəzi ölkələrdə qiymətlər açıqlanıb: məsələn, Almaniyada elektromobilin qiyməti 105 550 avrodan başlayır. Bundan sonra, Volvo hər il bir yeni elektrik avtomobilini bazara çıxarmağı hədəfləyir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.