Ərəblərə məxsus olan W Motors şirkəti Fenyr SuperSport kupesinin seriya variant haqqında məlumat yayıb. 2015-ci ildə Dubayda nümayiş olunmuş prototipin seriya variantının təqdimatı haqqında videoçarx YouTube kanalında dərc edilib.

25 nüsxəlik məhdud sayda tirajla buraxılacaq hiperkar alüminium platformada inşa edilib. Fenyr SuperSport modelinin çəkisi 1200 kiloqramdır. Avtomobilin kapotu altında RUF atelyesi tərəfindən hazırlanmış 4,0-litrlik iki turbokompressorlu oppozit mühərriki quraşdırılıb.

Güc aqreqatı 900 at qüvvəsi və 1200 Nm fırlanma anı hasil edir. Mühərrik yeddi diapazonlu iki muftalı “robot” ilə tandemdə çalışır. Arxa oxda özüqapanan dufferensial quraşdırılıb. 100 km/saat sürətini hiperkar 2,7 saniyəyə toplayır. Fenyr SuperSport modelinin maksimal sürət həddi 400 km/saatdır.

Hiperkar karbon-saxsı diskləri olan əyləc mexanizmləri, altı porşenli alüminium supportlar, müxtəlif ölçülü təkər diskləri (öndə - 19, arxada – 20 düym) və üç müstəqil bölümləri olan aktiv arxa antiqanad ilə təchiz edilir. Fenyr SuperSport modelinin təchizatına karbon karkaslı oturacaqlar, Bluetooth dəstəkli multimedia sistemi, naviqasiya, LTE giriş nöqtəsi, rəqəmsal cihazlar paneli və arxa kamera daxildir.

Fenyr SuperSport modelinin satış qiyməti açıqlanmayıb. W Motors şirkətinin ilk hiperkarı olan Lykan Hypersport modeli 3,4 milyon dollara təklif edilirdi. Bu hiperkar 750 at qüvvəsinə malik olan 3,7-litrlik altı silindrli biturbomühərrik və altı pilləli sekvental ötürmələr qutusu ilə təchiz edilir. Yerindən 100 km/saat hədiinə Lykan Hypersport 2,8 saniyəyə sürətlənir. Onun maksimal sürəti 385 km/saat təşkil edir.

Image alt Image alt Image alt Image alt