Jeep şirkəti V8 mühərrikiilə təchiz edilmiş Gladiator pikapının buraxılımasının mümkünlüyü barədə eyham vurub . Amerikan markasının Muscle Cars & Trucks nəşrinə müsahibə verən böyük brend-meneceri, amerikalıların səkkizsilindrli Gladiator modelinə maraq göstərdiklərini söyləyib.

O, Jeep Wrangler pərəstişkarlarının bənzər istəyinin artıq yerinə yetirildiyini də xatırladıb. İstehlakçıların istəyi ilə ofrouderin modifikasiya çeşidinə dizel (EcoDiesel) və hibrid (4xe) versiyaları, habelə V8 mühərriki ilə hərəkətə gələn Rubicon 392 versiyası əlavə edilib.

Jeep Gladiator Rubicon

V8 mühərriki olan Gladiator pikapının buraxılması ehtimalından bəhs edən Jeep markasının brend-meneceri, bənzər mühərrikli Wrangler modelinin layihəsini də xatırladıb. Ekstremal ofrouderin pərəstişkarları Jeep şirkətindən “bərkgedən” versiyanın on il ərzində buraxılmasını istəyiblər.

Qeyd etmək gərəkdir ki, hazırda ABŞ-da Wrangler modelinə V8 mühərrikini quraşdırmağa hazır olan yeddi tüninq atelyesi fəaliyyət göstərir. Ən əsası isə, bu atelyelər xidmətləri üçün yüksək qiymət tələb etməklə yanaşı, məhsullarına heç bir zəmanət vermirlər.

Jeep Gladiator Mojave

Nəticədə Jeep şirkəti V8 mühərrikli Wrangler modelinin buraxılmasının iqtisadi cəhətdən səmərəli olduğunu hesab edib və belə bir modifikasiyanın seriya istehsalına başlayıb. Görünən odur ki, Gladiator azarkeşləri də öz istəklərinə çatacaqlar. Jeep nümayəndəsi  şirkətin ixtisaslaşdırılmış forumları təhlil etdiyini və Gladiator V8 modelinə böüyk tələbatın olduğunu bildirib.

Səkkizsilindrli Wrangler modelinin yalnız uzunbazalı Unlimited Rubicon top verisyasında buraxıldığını nəzərə alsaq, Gladiator pikapının bahalı Rubicon və Mohave modifikasiyalarının 6,4 litrlik V8 Hemi mühərrikini alacağını gözləmək olar. Məhsuldarlıq baxımıdan superpikapın da Rubicon 392 modeli kimi 476 at qüvvəsinə və 637 Nm fırlanma anına sahib olması ehtimalı var.

6,4-litrlik Hemi V8 mühərriki

Gladiator V8 modelinin yaradılması rəsmi olaraq elan edilməsə də, amerikalı jurnalistlər Jeep nümayəndəsinin açıqlamalarını, superpikapın yaxınlaşan debütünün qeyri-rəsmi  təsdiqi kimi qəbul ediblər. Bununla birlikdə, top versiyanın təqdimat vaxtı barədə məsələ hələlik açıq qalır, çünki Stellantis ittifaqı əvvəlcə Gladiator 4xe hibrid pikapını təqdim etməlidir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.