Andreas Mikkelsen Dünya ralli çempionatının qalan hissəsini Hyundai komandasının tərkibində keçirəcək. İspaniyadakı mərhələdə norveçli Heyden Paddonu əvəzləyəcəkdir. Böyük Britaniya və Avstraliyada isə, o, Dani Sordonun avtomobilində çıxış edəcək.

Keçən mövsümün bürünc mükafatçısı Almaniya rallisini Citroen avtomobilinin sükanı arxasında keçirərək fransız markasına ikinci podiumunu qazandırmışdı.  Bununla belə, fransız komandası son üç mərhələ üçün pilot tərkibini elan etməkdə tələsmirdi. Artıq komanda rəhbərliyi,  İspaniya Rallisində, Citroen markasını Kris Mik, Stefan Lefevr və Xalid Əl-Qassıminin təmsil edəcəyini elan edib. Mikkelsen isə, rəqiblərin cərgələrinə qoşulub.

“Mikkelsen ilə işləmək çox xoşuma gəldi. Çempionat üçün belə pilotun tam cədvəldə çıxış etməsi yaxşı haldır, - Citroen komandasının rəhbəri İv Matton bildirib. – Andreas gələn mövsüm üçün bizim namizədlər siyahısında idi.

Lakin, son qərarı qəbul etmək vaxtı çatdıqda, biz bu planlardan imtina etmək qərarına gəldik”.

Hyundai rəhbərliyi də komanda birinciliyində olan vəziyyətdən məmnun deyildir. Hazırda koreyalılar M-Sport komandasından 64 xal geridədirlər və vəziyyətdən çıxış yolu axtarmağa davam edirlər. “Bu qərar bizə o qədər də asan başa gəlməyib. Lakin, artıq tədbir görməyin vaxtı gəlib çatlb, - Hyundai komandasının rəhbəri Mişel Nandan bildirib. -  Andreasla danışıqlar onun çətin vəziyyətə düşdüyü  (Volkswagen komandasının çempionatı tərk etməsindən söhbət gedir) vaxtdan öncə başlamışdı.

Heyətimiz artıq təsdiq olunmuşdu və biz ona heç nə təklif edə bilməzdik. Lakin, çempionatda mövqelərimizi itirməyə başladıqdan sonra bu vəziyyətə yenidən baxmalı olduq”.

“Mən Hyundai Motorsport komandasına qoşulmağa şadam. Bu istedadlı əməkdaşları olan əla bir komandadır. Hyundai i20 WRC  isə istənilən örtükdə özünü yaxşı göstərib. İlin əvvəlində mən bu avtomobili çınqıllıqda test etdim və çox razı qaldım. Ümid edirm ki, son üç mərhələlərdə də özümü eyni ilə hiss edəcəyəm. Mənim hədəfim  markalar birinciliyində komandaya köməklik etməkdir. Ümid edirəm ki, bu böyük işlərin başlanğıcı olacaqdır”, - Mikkelsen əlavə edib.

Autosport nəşrinin əldə etdiyi məlumata əsasən, gələn mövsümdən Mikkelsen Nevillə birlikdə tam cədvəldə çıxış edəcəkdir. Paddon və Sordo isə öz aralarında avtomobili bölüşməli olacaqdırlar.