Ralli üzrə dördqat dünya çempionu Sebastyen Ojye 2017-ci il mövsümünün onun karyerasında sonuncu mövsum ola biləcəyinə işarə edib.

Bu ilin sonunda onun M-Sport komandası ilə olan müqaviləsi bitir. Gələn mövsüm üçün isə, hələlik tərəflər razılığa gəlməyiblər.

"Karyeramı başa vurmaq? Bu variantlardan biridir. Bundan başqa, mənin qərarım bu il çempion titulunu qazanacağımdan da asılıdır, - Dünya ralli çempionatının rəsmi saytına verdiyi müsahibəsində fransız pilot bildirib. - Əslində mən yarışmaq istəyirəm və ümid edirəm ki, gələcəkdə çıxış edəcəyəm. Tələsik qərar qəbul etmək üçün ehtiyac duymuram.

Gələcəyimə şübhə etmirəm və gələn il də yüksək səviyyədə çıxış etmək üçün imkanımın olacağından əminəm. Əgər hər şey belə olarsa karyeramı davam etdirəcəyəm. Təkliflər daxil olmağa davam edir. Güman edirəm ki, İspaniya Rallisinin başlanmasına qədər hər şey aydın olacaq".

Qeyd etmək lazımdır ki, bir müddət bundan əvvəl fransız pilot Ford şirkətinin ralli çempionatında qayıdacağı təqdirdə M-Sport komandasında qalacağını bildirmişdi.