Hyundai komandasının pilotu Andreas Mikkelsen Avstraliya Rallisinin ilk günün lider olaraq tamamlayıb. O, ən yaxın rəqibini 20 saniyə qabaqlayıb.

Keçən il bu rallidə Volkswagen ilə birlikdə qalib gələn norveçli pilot start vərəqindəki doqquzuncu mövqeyindən maksimum istifadə edərək, cümə günü keçirilən səkkiz xüsusi hissədən beşində qalib gəlib.

«Həqiqətən əla gündür, - Mikkelsen öz çıxışı barədə danışıb. - Biz bütün xüsusi hissələri təmiz və səhvsiz şəkildə keçərək şənbə günü üçün yaxşı fərq yaratmışıq. Daha çox üstünlük əldə etməyə çalışacağıq. Nevil və Mik tərəfindən çox ciddi rəqabət olacaqdır».

Günün əksər hissəsində Mikkelseni təqib edən pilot Cirtoen komandasının britaniyalı pilotu Kris Mik olub. Lakin, gününfinal xüsusi hissəsində o Tyerri Nevili irəli buraxıb və hazırda ona 0,7 saniyə uduzur.

Dördüncü yer uğrunda mübarizədən qalib çıxan pilot Toyota Gazooo komandasının üzvü Yari-Matti Latvala olub. Fin pilot Kreyq Brini 0,9 saniyə qabaqlayır, irlandiyalı isə, Ott Tyanakdan iki saniyə irəlidədir.

Bu mövsümdə beşinci titulunu əldə edən Sebastyen Ojye mərhələ başlamazadan öncə, Avstraliyanın tozlu yollarında birinci start almağın o qədər də yaxşı hal olmadığını bildirmişdi. Fransız haqlı çıxıb. Üstəlik, o ötürmələr qutusu ilə yaşadığı problem ucbatından vaxt itkisinə məruz qalıb. Nəticədə, fransız pilot günü səkkizinci olaraq bitirib. O, hazırda Heyden Paddondan 9,7 saniyə geridə qalsa da, Stefan Leferi qabaqlayır.

Britaniya Rallisinin qalibi Elfin Evans onuncu nəticəni göstərərək ilk onluğu tamamlayıb.