M-Sport komandasının britaniyalı pilotu Elfin Evans vətənində ilk qələbəsini qazanıb. O, 2000-ci ildə Britaniya Rallisini qazanmış Riçard Bernsdən sonra Dumanlı Albionda qələbə çalan ilk britaniyalıdır.

Cümə axşamı keçirilən şeykdaundan sonra, qüvvədə olan dünya çempionu Sebastyen Ojye uelslini bu rallinin favoriti adlandırıb. Sonrakı hadisələr isə onun yanılmadığını göstərib. Evans cümə günü keçirilən ilk xüsusi hissədən sonra liderliyi ələ keçirərək, bu günki finişə qədər liderliyi heç kimə verməyib. Şənbə günü artıq uelsli yaxın rəqibindən yarım dəqiqə öndə olub. Günün sonunda bu fərq artıq 53 saniyə çatıb.

Belə böyük fərq Evansa qələbə çalmaq üçün kifayət edirdi. O, yarış boyu səhv buraxmayaraq yarışı başa çatdırıb və karyerasındakı ilk qələbəsinə imza atıb.

«Bu illər ərzində məni dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirmək istərdim. Bu qələbəni onlara ithaf edirəm», - Evans finişdə bildirib.

Əlbəttə ki, Uelsdəki rallidə əsas diqqətlər titul uğrunda namizədlər olan Sebastyen Ojye və Tyerri Nevilə yönəlib.  Fransız və belçikalı bir neçə dəfə mövqelərini dəyişməli olublar. Bazar günü səhər irəli çıxan Tyerri əsas rəqibini altı saniyə qabaqlayıb. Buna baxmayaraq, üçüncü yer Sebastyenə beşinci titulunu qazanmaq üçün kifayət edirdi. Lakin,  o bonus xüsusi hissəsində ən azı bir xal qazanmalı idi. 

Sebastyen çempionatdakı nöqtəni rəqibi final xüsusi hissəsini bitirmədən qoyub.

İlk üçlüyə düşmək ona çempionatda vaxtından əvvəl  qələbə çalmaq imkanını verib. Zavod komandasının tərkibində qazandığı dörd tituldan sonra, fransız özəl komandada beşinci titulunu əldə edib.  Üstəlik, o Tyanakla birlikdə M-Sport komandasına həm ümumi, həm də komanda birinciliyini gətirib.

«Söz tapa bilmirəm. Mövsüm çox çətin keçdi, - Ojye uğurunu şərh edib. - M-Sport komandasındakı hər kəsə və xüsusi ilə də Malkolma təşəkkürlərimi bildirirəm. Titulu bu komanda ilə qazanmaq inanılmaz hissdir».

Tyerri Nevil isə, bonus xüsusi hissəsində qalib gəlmək üçün əlindən gələni edib. Finişdə Hyundai pilotu öz məyusluğunu gizlədə bilməyib. 

«Son dopun startında mənə Sebastyenin nəticəsi barədə məlumat verdilər. Bu səbəbdən də yarışı rahat şəkildə başa vurdum, - Tyerri bildirib. - Ojyeni təbrik edirəm. O bu qələbəyə layiqdir».

Andreas Mikkelsen Britaniya Rallisini dördüncü yerdə bitirib. O, Yari-Matti Latvalanı yarım saniyə üstələyə bilib. Ott Tyanak da şənbə günü Ojye və Nevil ilə mübarizə aparsa da, sonradan mövqeyini itirərək altıncı olub. «Malkolm Uilson və komanda bu il inanılmaz iş görüb və böyük uğur əldə ediblər. Bu tamamilə layiqli nəticədir», - Tyanak M-Sport komandasının uğuru haqqında danışıb.

İspaniya Rallisinin qalibi olan Kris Mik isə, həmyerlisi qədər uğurlu olmayıb. Citroen pilotu yarışı yeddinci bitirməsinə baxmayaraq heç bir ciddi səhvə yol verməyib.

Britaniya Rallisinin ilk onluğunu tamamlayan pilotlar Heyden Paddon, Esapekka Lappi və Dani Sordo olub.