Yarışın təhlükəsizliyi təmin etmədiyi üçün Polşa Rallisi Dünya ralli çempionatını tərk edəcəkdir. Onu gələn il Türkiyə Rallisi əvəzləyəcəkdir.

2016-cı ildə Beynəlxalq avtomobil federasiyası (FIA) Polşa Rallisinin təşkilatçılarını bu barədə xəbərdar etmişdi. Gələn ay Avtoidman üzrə dünya şurasının iclasında bu barədə rəsmi olaraq elan ediləcəkdir.

Dünya ralli çempionatının promouteri Oliver Çesla Autosport saytına vəziyyəti belə izah edib: "Biz son illərdə ciddi şəkildə inkişaf edən Polşa kimi vacib bazarı itirməkdən məyusuq. Lakin, FIA təhlükəsizlik səbəbindən gələn il burada yarış keçirməkdən imtina etmək məcburiyyətindədir.

Qeyd etmək istərdim ki, bu təşkilatçıların məsuliyyətsizliyi ucbatından deyil, tamaşaçıların nizam-intizamsızlığı səbəbindəndir".

Autosport nəşri isə, Polşanı Türkiyənin əvəz edəcəyini ehtimal edir. Xatırladaq ki, qardaş ölkədə Dünya rallisinin mərhələsi son dəfə 2010-cu ildə keçirilmişdi.  Bununla belə, Türkiyə Rallisi Polşadakı kimi iyunda deyil, sentyabr ayında keçiriləcəkdir.  Gələn ilin təqvimində ilk altı mərhələ bu il olduğu kimi qalacaqdır.

Hazırda 14-cü mərhələ ətrafında müzakirələr gedir ki, bu mərhələni qəbul etməyə iki namizəd var - Xorvatiya və Yeni Zelandiya. Laikn, yeni Zelandiyada maliyyə məsələsi həll edilmədiyinə görə, çox çətin ki, Dünya rallisi orada keçsin. Xorvatiyada isə, təşkilatçılar mərhələnin keçirilməsi tarixi barədə ortaq məxrəcə gələ bilmirlər.