Almaniya Rallisində ciddi xal itkisinə məruz qalan Tyerri Nevil pilotlar çempionatında qələbə çalmaq ümidlərini itirmədiyini bildirib.

Almaniya mərhələsi başlamazdan əvvəl Hyundai pilotu ümumi hesabda ilk yeri qüvvədə olan dünya çempionu Sebastyen Ojye ilə bölüşdürürdü və ilk günün sonunda üçüncü yer uğrunda mübarizədə fransız pilotu qabaqlamışdı. Lakin, şənbə günü Hyundai avtomobilinin asqısının sınması onu çempionata təkbaşına başçılıq etmək şansından məhrum etdi. Ojye isə podiumda finiş görərək 17 xal qazandı. 

"Mən təslim olmaq fikrində deyiləm və axıra kimi mübarizə aparacağam, - dünya çempionatının rəsmi saytı Nevildən sitat gətirib. - Əminəm ki, biz hələ uğur qazanacağıq. Ola bilsin ki, bir-iki mərhələni qazanaq. Bu hələ son deyil. Bilirəm ki, Ojye ilə olan fərqi aradan götürə bilərəm. Lakin, çox şey onun nəticələrindən asılı olacaq. Qalan üç yarışda o da problemlər ilə üzləşmək şansına malikdir: təkəri deşə və yaxud səhv buraxa bilər".