Sebastyen Ojye əvvəlki kimi, 2018-ci ildə də M-Sport komandasında qalmaq arzusundadır. Lakin, onun irəli sürdüyü şərtlər dəyişilməz qalır.

Son vaxtlar fransız pilot Ford şirkətini dünya ralli çempionatına qayıtmağa və Malkolm Uilsonun komandasını dəstəkləməyə çağırır. Xatırladaq ki, 2012-ci ilin sonuna qədər M-Sport Mavi ovalın zavod komandası olmuşdu.

"Mən hər zaman Ford şirkətinin qayıtdığı tədqirdə qalacağımı bildirmişəm, - Autosport Ojyedən sitat gətirib. - Yeni avtomobilə uyğunlaşmaq və onu öz tələblərinə uyğun dəyişmək üçün vaxt tələb olunur. Əldə etdiyim inkişafı növbəti mövsümdə də davam etdirmək istərdim, amma bunun üçün Ford şirkətinin dəstəyi gərəkdir.

Dəyişmək istədiyim bəzi şeylər var. Dəstəyi aldıqdan sonra rəqabətcil olacağımızdan şübhə etmirəm. Mənə məhz bu lazımdır".