Yeni E-Class sedanının debütü təkcə Mercedes-Benz üçün deyil, həm də bütün alman avtomobil sənayesi üçün əlamətdar hadisədir. Bu debüt E-Class modelinin tarixdəki sonuncu debüt ola bilər, çünki 2030-cu ildən Mercedes-Benz tamamilə elektromobillərin istehsalına keçmək niyyətindədir. Bununla belə, bu hadisəni yeddi il gözləmək gərəkdir, hələlik isə, W214 ailəsindən olan yeni E-Class modeli daxili yanma mühərriklərini qoruyub saxlayıb və o, bu formatda Mercedes-Benz EQE elektromobili ilə bazarı bölüşəcəkdir.

İstənilən halda, EQ ailəsi E-Class moidelinin dizaynına təsir göstərib. Radiatoir barmaqlığı (hələlik real) qara parlaq əlavələri olan fənərlərlə vizual şəkildə birləşdirilib. İlk dəfə olaraq, əlavə ödəniş qarşılığında barmaqlığın kontur işıqlandırılmasını sifariş etmək olar.

Ön tərəf, fərqli barmaqlıqları və bamperləri (üstəgəl qara dekorlu paket) olan üç əsas tərtibat variantında təklif edilir, lakin yalnız Exclusive Line versiyasında kapotdakı üçbucaqlı ulduz şəklində olan “nişangah” saxlanılıb.

Eyni zamanda, dekorda firma loqotipindən bolluca istifadə olunur. "İdman" radiator barmaqlığının ornamenti belə ulduzlardan ibarətdir, onlar bamperdəki qara tıxaclarda da mövcuddurlar, arxa fənərlərin naxışı barədə isə, güman edirəm ki, nə isə söyləmək artıqdır – hər şey aydın görünür.

E-Class modelinin firma "dörd göz" xüsusiyyəti qorunub saxlanılıb: LED fənərlər şərti olaraq, gündüz hərəkət işıqlarının bölmələri ilə iki hissəyə bölünürlər. Ön proyeksiya sahəsinin artmasına baxmayaraq, aerodinamik müqavimət əmsalı əvvəlki W213 ilə eyni qalıb (0,23).

Həmişə olduğu kimi, nəsil dəyişikliyi ilə E-Class bir qədər böyüyüb. Onun təkər bazası 22 millimetr (2961 millimetr) uzadılıb, ümumi uzunluğu isə cəmi 14 millimetr (4949 millimetr) artırılıb.

Sedanın eni 28 millimetr (1880 millimetr), hündürlüyü isə 8 millimetr (1468 millimetr) artıb. Təkər isi də bir qədər genişləndirilib – öndə 1634, arxada isə 1648 millimetrə qədər. Müxtəlif versiyalar üçün 17-21 düymlük təkər diskləri təklif olunur.

Bütövlükdə şassinin arxitekturası əvvəlki kimidir: öndə qoşa köndələn qollar, arxada beşqollu asqı. Baza asqı sistemi yaylıdır və adaptiv amortizatorlara malikdir. Əlavə ödəniş qarşılığında 120 km/saatdan çox sürətlərdə avtomobili yol səthinə 15 millimetr sıxan pnevmoasqı da təklif olunur. Əyləc gücləndiricisi indi elektromexanikidir.

Əsas yenilik əvvəllər bir çox digər Mercedes-Benz modellərdə, o cümlədən kiçik C-Class modelində peyda olan idarələnən arxa oxdur. E-Class üçün də bu, pullu opsiyadır. 60 km/saata qədər sürətlə arxa təkərlər ön təkərlərin əksinə 4,5 dərəcəyə qədər dönə bilir, dönmə dairəsini demək olar ki, bir metr azaldır (arxa ötürməli versiyalarda - 10,8, tamötürməli versiyada isə 11,1 metrə qədər). 

60 km/saatdan sürətlə hərəkət edərkən arxa təkərlər ön təkərlərlə eyni istiqamətə (yalnız 2,5 dərəcə) dönür ki, bu da sabitliyi artırır. Tam idarə olunan şassi ilə birlikdə başqa sükan mexanizmi quraşdırılır: sükan dirənmədən dirənməyə qədər standart versiyadakı 2,4 əzvəzinə 2,2 dövrə dönüş edir.

Avropada yeni Mercedes-Benz E-Class sedanı 2,0-litrlik dördsilindrli mühərrikləri olan altı versiyada təqdim olunub. İlkin versiyalar 9-pilləli 9G-Tronic “avtomat”ına inteqrasiya edilmiş yeni nəsil 48 voltluq startyor-generatorla təchiz edilir. Elektrik mühərriki 23 at qüvvəsi və 205 Nm fırlanma anına malikdir və sürətlənmənin ilk saniyələrində daxili yanma mühərrikinə kömək edir. Şirkət qürurla bütün çeşidin artıq elektrikləşdiyini elan edib.

Baza versiyası sayılan Mercedes-Benz E 200 sedanı 204 at qüvvəsi və 320 Nm hasil edən benzin mühərriki və yalnız arxa ötürmə ilə təchiz edilir. Belə bir sedan 1825 kiloqram çəkiyə (əvvəlki nəslin oxşar avtomobili 1700 kiloqram idi) malikdir!

Bu artımın səbəblərindən biri yanacaq çəninin həcminin 50 litrdən 66 litrə qədər artmasıdır (əvvəllər bu, seçim idi), lakin E-Class özü də nəzərəçarpacaq dərəcədə “kökəlib”. Buna görə də, artan gücə baxmayaraq, ilk "yüzlüyə" sürətlənmə müddəti 7,4-dən 7,5 saniyəyə qədər artıb. 

Dizel aqreqatlı Mercedes-Benz E 220 d (197 at qüvvəsi, 440 Nm), hətta arxa ötürmə ilə 1915 kiloqramdır, 4Matic transmissiyalı versiyada isə, onun boş çəkisi 1975 kiloqramdır (əvvəl 1810). Şirkət hətta sedanın icazə verilən yükgötürmə qabiliyyətini 660-dan 605-625 kiloqrama qədər endirib.

Daha üç modifikasiya 400 voltluq elektrik sisteminə malik olan tamhüquqlu təkrar doldurulan hibridlərdir ki, burada ikinci cərgənin oturacalarının arxasında ayrıca termotənzimləmə sistemi olan 25,4 kilovat-saatlıq dartma batareyası quraşdırılıb. 

Tam dolu batareyanın tutumu elektrik rejimində təxminən 115 kilometrlik yürüyüş üçün kifayət etməlidir ki, bu da 140 km/saata qədər sürətlənməyə imkan verir. Lakin baqaj tutumunu qurban vermək gərək olub: onun hibridlərdəki həcmi 540 litrdən (əvvəlki nəsil W213-də olduğu kimi) 370 litrə endirilib. Yanacaq çəninin həcmi isə 50 litrdir.

Hər üç hibrid 129 at qüvvəsi və 440 Nm fırlanma anı hasil edən dartma elektrik mühərriki ilə təchiz olunur. Mercedes-Benz E 300 e versiyasında 204 at qüvvəsi və 320 Nm fırlanma anı hasil edən 2,0-litrlik benzin “turbodördlüyü” var, hibrid sistemin pik hasilatı isə 312 at qüvvəsi və 550 Nm təşkil edir. Belə sedanlar arxa və ya tam ötürməli ola bilərlər.

Tamötürməli Mercedes-Benz E 400 e 4Matic versiyasında turbomühərrik 252 at qüvvəsi və 400 Nm hasil edir ki, buna görə də hibrid sistemin ümumi hasilatı 381 at qüvvəsi və 650 Nm təşkil edir.

Boş çəkisi 2265 kiloqram olan sedan 100 km/saat həddini 5,3 saniyəyə toplaya bilir, lakin bunun üçün batareyanın tam şəkildə dolu olması gərəkdir. Makimal sürət 250 saat həddində məhdudlaşdırılır. Hibridlər standart olaraq 11 kilovatlıq dəyişən cərəyanlı şarj cihazı ilə təchiz edilirlər.Əlavə ödənişlə 50 kilovatlıq daimi cərəyanlı şarj cihazını sifariş etmək olar.

C-Class modelindən fərqli olaraq, E-Class altısilindrli benzin və dizel mühərrikləri ilə təchiz ediləcəkdir, lakin belə versiyalar daha sonra təqdim olunacaqlar. Eyni zamanda, çeşidə dizel mühərrikli plagin hibridlər də  daxil ediləcəklər. Lakin V8 mühərrikindən əbədi olaraq imtina edilib: ən "bərkgedən" AMG versiyası (o da daha sonra buraxılacaq) hibrid güc qurğusu ilə hərəkətə gələcəkdir.

Yeni E-Class modelinin interyeri hələ fevral ayında açıqlanıb. Hətta indi də şəkillərin əksəriyyətində bütün mümkün opsiyaları və yenilikləri olan ən bahalı interyerlər nümayiş etdirilir. E-Class, EQ modellərində olduğu kimi, ön panel boyu uzanan və bötüv şüşə səthi olan MBUX Hyperscreen kompleksini almayıb. Bunun əvəzinə, model ayrıca cihazlar panelinin ekranı (12,3 düym) və multimedia sisteminin bir şüşə altında yerləşəm iki displeyi olan daha gözəl versiyanı əldə edib.

Mərkəzi ekranın diaqonalı 14,4 düym, opsional sərnişin ekranı isə 12,3 düymdür. Üstəgəl - proyeksiya ekranı var. Bu sistemin işinə tək bir prosessor cavabdehdir. Sağ ekranda videolara baxmaq olar, əgər sərnişin oturacağında heç kim əyləşməyibsə, ekranda başlıq şəkli göstərilir.

MBUX Superscreen həmçinin ön panelin yuxarı hissəsində quraşdırılmış və videokonfranslarda iştirak etməyə imkan verən kameraya malikdir, lakin onu yalnız park edərkən aktivləşdirməyə icazə verilir.

MBUX mediasisteminə gəlincə, seçilən nişanları və fərqli menyu strukturu olan yenilənmiş formada ortaya çıxıb. Məlumatların ötürülməsinə 5G kanalı cavabdehdir, üçüncü tərəflərin proqramlarını (oyunlar daxil olmaqla) quraşdırmaq da mümkündür və qabaqcıl səs köməkçisini artıq “Hey Mercedes” ifadəsi ilə ayrıca aktivləşdirilməyə ehtiyac yoxdur.

Mercedes-Benz şirkəti də Google Maps əsasında öz naviqasiyasını hazırlayır. Açar əvəzinə Digital Vehicle Key proqramı quraşdırılmış Apple qadcetlərindən istifadə etmək də mümkündür.

Yeni opsiya - havalandırma deflektorlarının servoötürməsidir: elektronika seçilmiş rejimə uyğun olaraq hava axınının istiqamətini tənzimləyir. Lakin Porsche modellərindəkindən fərqli olaraq, E-Class deflektorların əl ilə tənzimlənməsi üçün tutacaqları qoruyub saxlayıb.

Burmester səs sistemini sifariş etmək olar, qabaqcıl kontur işıqlandırmasının iş rejimi isə, indi ekranlardakı başlıq şəkli və daxil edilmiş musiqi ilə bağlıdır. Panoram dam - iki ayrı bölmə malikdir və yalnız onun ön hissəsi açılır.

İkinci sıradakı məkan daha geniş olub: ayaqlar zonasında uzununa istiqamətdə 17 millimetr, sərnişinlərin başının üzərində isə 5 millimetr artım var. Opsional dördzonalı iqlimə nəzarət sistemi arxa sərnişinlərə təkcə temperaturu və hava axınının paylanmasını deyil, həm də ventilyatorların sürətini ayrıca tənzimləməyə imkan verir: bu funksiyaları idarə etmək üçün mərkəzi tunelin sonunda sensorlu panel quraşdırılıb.

Mercedes-Benz bunun tərtibat materiallarının istehsalında təkrar emal edilmiş xammaldan istifadə edəcəyini söyləyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Mercedes-Benz E-Class modeli alman şirkətinin Zindelfingendəki əsas zavodunda istehsal olunacaqdır. Sedanlar bu ilin yayında Avropa bazarında satışa çıxmalıdırlar. W213 seriyasından model hazırda Almaniyada 51.300 avrodan başlayan qiymətlərlə satılır, onun varisinin isə daha baha olacağı aydındır.

Sedanın ardınca universal və onun “kross” versiyası peyda olacaq və Çində satılacaq uzunbazalı debüt edəcəkdir: almanlar onu bir neçə aydan sonra nümayiş etdirəcəklərinə söz verirlər. Kupe və kabrioletə gəlincə, onları ayrıca CLE ailəsi əvəzləyəcəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.