Saytımızı izləyənlərin ABŞ-da satılan Mazda2 hetçbekinin üzü dəyişdirilmiş Toyota Yaris modeli olduğundan xəbərləri var. Bununla birlikdə, yaxın zamanlarda Mazda şirkəti Yaponiya və Avropa bazarında satılacaq yeni nəsil Mazda2 modelini təqdim etməyə hazırlaşır. Qeyd etmək gərəkdir ki, yeni hetçbek də, öz növbəsində, Toyota hibrid güc qurğusu ilə təchiz edilən Yaris modelinin surəti olacaqdır.

Britaniyanın “Autocar” nəşri, Avropa bazarı üçün nəzərdə tutulmuş yeni Mazda2 hetçbeki haqqında ətraflı məlumat əldə edib. Növbəti nəsil model Toyota ilə sıx əməkdaşlıq şəraitində hazırlanacaqdır: yeni hetçbekin istehsalı, Yaris modelinin yığıldığı Fransadakı Toyota zavodunda yerləşdiriləcəkdir. Yaris modelinin platforması ilə yanaşı, Mazda2 hetçbeki Toyota Hybrid System II (THS II) hibrid güc qurğusunu da alacaqdır.

THS II qurğusunun tərkibinə  91 at qüvvəli 1,5-litrlik benzin mühərriki və litium-ion batareyasından qidalanan 80 at qüvvəli elektrik mühərriki daxildir. Məlumdur ki, Toyota Yaris modeli həm ön ötürmə, həmdə arxa oxda elektrik mühərriki olan E-Four tam ötürmə sistemi ilə təklif edilir. Böyük ehtimalla, Mazda2 modeli də bənzər sxemə malik olacaqdır

Mazda2 hibridinin peyda olması ilə, yapon avtomobil istehsalçısı model cərgəsinə tətbiq edilən ortalama karbon dioksidi emissiyası göstəricisini azalda və bununla da Avropada böyük bir cərimədən yayına bilər.