BMW şirkətinin 5 Series sedanını yeniləməyə hazırlaşdığı məlumdur. Lakin, bu günə qədər avtomobilin yalnız kamuflyajla örtülmüş şəkilləri dərc edilib. Bu gün isə, yenilənmiş avtomolin dizaynı üzərindən sirr pərdəsi götürülüb - BMW Blog forumunda yenilənmiş 5 Series (G30) sedanının rəsmi şəkilləri peyda olublar. Qeyd etmək gərəkdir ki, sedanın eksteryerində baş vermiş dəyişikliklər cüzi xarakter daşıyır. Model, yenilənmiş tərtibatı olan işıq texnikasını, yeni bamperləri, radiator barmaqlığını və təkər disklərini əldə edib.
Dərc edilmiş şəkillərdə M kuzov dəsti və hibrid güc qurğusu ilə təchiz edilmiş BMW 530e sedanı təsvir olunur. Aqressiv dizaynı ilə seçilən ön bamper LED elementlərdən məhrum olub və irilənmiş hava girişlərinə sahib olub. Eyni zamanda, avtomobil onu daha “qəzəbli” göstərən ön fənərləri əldə edib. Ümumiyyətlə, yenilənmiş 5 Series modelinin ön hissəsi daha aqressiv dizayna malik olub.
Digər yenilik, xrom örtüklü lamellər ilə vizual olaraq "birləşdirilmiş" radiator barmaqlığıdır: yenilənmədən öncəki avtomobillərdə bu dekorativ element iki ayrı hissəyə bölünürdü.
Arxa hissədəki dəyişikliklər daha azdır: əsas yenilik başqa naxışa, lakin köhnə formaya malik olan tündləşdirilmiş arxa fənərlərdir. Bundan başqa, arxa bamperdəki diffuzoru təqlid edən fərqli dizaynlı qara dekor elementi, parktronik sisteminin sensorlarının fərqli yerləşmələri, habelə modelin hibrid qurğusu ilə təchiz edildiyini bildirən arxa dayaqlardakı "eDrive" emblemleri diqqəti çəkir.
Yenilənmiş BMW 5 Series modelinin texniki hissəsi barədə ətraflı məlumat verilməyib. Böyük ehtimalla, BMW 530e modeli daha səmərəli elektrik mühərriki ilə təchiz ediləcək və hibrid qurğunun hasilatı indiki 252 at qüvvəsi və 420 Nm fırlanma anından çox olacaqdır. Bundan əlavə, yenilənmiş modelin ümumi hasilatı 400 at qüvvəsi təşkil edən 545e modifikasiyasını da əldə edəcəyi söylənilir. Yeni hibrid dörd turbokompressorlu dizel mühərriki ilə təchiz edilən M550d modelini əvəz edəcəkdir.
Yenilənmiş BMW 5 Series modelinin may ayının sonuna debüt edəcəyi gözlənilir. Avropada yenilənmiş model cari ilin dördüncü rübündə satışa çıxarılacaqdır.
Mənbə: BMW Blog