Covid-19 pandemiya ilə əlaqədar olaraq, FCA konserni bir sıra yeni məhsulların təqdimatını təxirə salmaq məcburiyyətində qalıb. Bununla belə, MoparInsiders saytının bildirdiyinə görə, Dodge şirkətinin mühəndisləri Durango modelini yenilənməsini sürətləndirmək üçün 24 saat işləməli olublar. Hətta, iş o yerə çatıb ki, mühəndislər işləri yavaşlatmamaq üçün öz qarajlarında çalışmalı olublar.

MoparInsider şirkət daxilindəki mənbələrinə istinadən yenilənmiş Dodge Durango ofrouderinin yaxın zamanlarda təqdim ediləcəyini iddia edir. Nəşrin bildirdiyinə görə, marka dilerləri yenilnmiş ofrouderə sifarişləri qəbul etməyə 6 avqust tarixində başlayacaqdırlar. Digər tərəfdən, yenilənmiş modelin kütləvi istehsalına 5 oktyabrda başlanılmalıdır. Bu tarixlərin heç biri təsdiqini tapmasa da, FCA konserninin koronavirus epidemiyasından öncə qəbul edilmiş planlarındakı tarixlərlə isə üst-üstə düşür.

İlkin məlumata görə, Dodge Durango modeli tamamilə yenilənmiş ön hissəyə və bir qədər dəyişdirilmiş arxa hissəyə malik olacaqdır. Bundan başqa, modelin rəng palitrasına yeni çalarlar, disk çeşidinə isə yeni dizayna malik olan təkər diskləri əlavə ediləcəkdir. İnteryerdə də ciddi dəyişikliklər olmalıdır. Ofrouder 10,1-düymlük ekranı olan müasir Uconnect multimedia kompleksini əldə edəcəkdir.

Modelin mühərrik çeşidi də ciddi şəkildə yenilənməlidir: şayiələrə görə, mövcud olan 3,6-litrlik V6 Pentastar mühərriki ilə yanaşı, iki tamamilə yeni güc aqreqatı ofrouderin mühərrik çeşidinə daxil ediləcəkdir.  Eyni zamanda, 3,6-litrlik V6 Pentastar mühərriki Jeep Wrangler modelindən tanış olan eTorque elektrik əlavəsini alaraq, yumşaq hibridə çevriləcəkdir. Ofrouderin “bərkgedən” versiyası olan Durango SRT modeli əvvəlki kimi 707 at qüvvəsi hasil edən 6,2-litrlik kompressorlu V8 mühərriki ilə hərəkətə gələcəkdir.