Lada Zapad Tolyatti zavodunda yenilənmiş Lada Niva Travel modelinin istehsalına başlanılıb. Müəssisənin konveyerindən çıxan ilk seriya avtomobili Off-road versiyasındakı model olub.

Lada Niva Travel modeli iri özəkli radiator barmaqlığına, yeni kapota və Toyota RAV4 üslubunda dizayna malik olan yeni ön fənərlərə sahib olub. Ofrouderin xarici görünüşünü yan tərəfdəki moldinqlər, təkər tağlardakı əlavələr və yeni təkər diskləri ilə tamamlanıb. Niva Travel modelinin arxa hissəsində tamamilə LED fənərlər və yeni çıxıntılı bamper quraşdırılıb. Sürücü və sərnişinlərin rahatlığını təmin etmək üçün, mühəndislər Niva Travel modelini yeni oturacaqlar, kondisioner və multimedia sistemi ilə təchiz ediblər.

Off-road modifikasiyasındakı Niva Travel, yolsuzluq şəraitində kuzovu qorumaq üçün, qara plastikdən hazırlanmış müdafiə qurşağı ilə təchiz edilir. Bundan əlavə, Off-road versiyası yolsuzluq şinlərinin və şnorkelin quraşdırılmasını da təmin edir.

Bütün yenilənmiş yolsuzluq avtomobilləri mərkəzi differensialın mexaniki olaraq kilidlənməsi və azaldıcı pillələr cərgəsi olan daimi tam ötürmə sistemlə təchiz edilir. Şirkət nümayəndələrinin bildirdiyinə görə, yığcam ölçüləri, oxlar arasındakı optimal məsafə, eləcə də yüksək klirensi və enerjitutumlu asqısı sayəsində, yenilənmiş Lada Niva Travel modeli yolsuzluq şəraitində maksimal rahatlıqla hərəkət edəcəkdir.

Yenilənmiş Lada Niva Travel modelinin satışlarının başlanması tarixi və qiyməti bir müddət sonra elan ediləcəkdir.