Birləşmiş Ərəb Əmirliklərində yaşayan 11 yaşlı uşaq Abu-Dəbinin Baş polis idarəsinin təşkil etdiyi hərracda ümumi dəyəri 5,5 milyon dollar olan üç nömrə nişanı almışdır. Bu barədə xəbəri Almuraba portal yaymışdır.

Abdulla adlı oğlan uşağı nömrələri yenidən satmaq üçün aldığını bildirmişdir. Onun seçimi “11”, “1111” və “7” rəqəmləri olan nömrə nişanları olmuşdur. Sonuncu nömrə Birləşmiş Ərəb Əmirliklərində xüsusi ilə məşhurdur – yeddi rəqəmi dövlətin tərkibinə daxil olan əmirliklərin sayını göstərir. Elə bu nömrə də ən bahalı nömrə olmuşdur ki, Abdulla bu nömrə üçün 13,5 milyon dirhəm (3,6 milyon dollar) ödəmişdir.

İkinci bahalı nömrə “11” rəqəmi olan nişan olmuşdur ki, bu nişana da altı milyon dirhəm (1,6 milyon dollar) ödənilmişdir. Dörd “1” rəqəmi olan nömrə nişanı isə bir milyon dirhəmə (270 min dollar) başa gəlmişdir. Gənc yaşda olduğuna görə, Abdulla avtomobil idarə etmək hüququna malik deyildir və müvafiq olaraq hərracda aldığı nömrə nişanlarından istifadə edə bilməz. Bu səbəbdən də o nömrələri gələcəkdə satmağı planlaşdırır.