Audi şirkətnin sabiq dizayneri Ervin Himmel tərəfindən təsis edilmiş Hispano Suiza Automobilmanufaktur AG şirkəti Maguari HS1 GTC kupesinin satışına başladığını elan edib. 5,5-litrlik V10 biturbo mühərriki ilə təchiz edilmiş superkar 2019-cu ildə nümayiş etdirilib, lakin şirkət yalnız indi kupeni buraxmaq üçün özündə güc tapıb.

Maraqlıdır ki, İsveçrədə fəaliyyət göstərən Hispano Suiza ilə yanaşı, İspaniyada yerləşən Hispano Suiza Cars firması da var. Firma orijinal Hispano Suisa markasının qurucusunun nəvəsi olan Migel Suke Mateuya məxsusdur.

1904-cü ildə qurulan və 1946-cı ildə avtomobil istehsalını dayandıran Hispano Suiza markasını dəfələrlə diriltməyə çalışıblar. Əvvəlcə İspaniyanın Mazel Car Engineering şirkəti, sonra İsveçrənin Hispano Suiza Automobilmanufaktur AG şirkəti markanı dirşəltməyə cəhd edib.

2019-cu ildə orijinal şirkətin qurucularından biri Damian Mateunun nəvəsi Migel Suke Mateu Hispano Suiza markasını canlandırmaq qərarına gəlib. Onun sahibi olduğu Hispano Suiza Cars firması Cenevrədə Carmen elektrik qrand turerini təqdim edib ki, bu da Hispano Suiza ticarət nişanının hüquqlarına sahib olan Ervin Himmeli heç də sevindirməyib.

İş ondadır ki, Himmel Hispano Suiza Automobilmanufaktur AG şirkətinin yaradıcısıdır. O, 2010-cu ildən, Audi R8 modelinin əsasında inşa edilmiş Hispano Suiza Gran Turismo Coupé konseptinin nümayişindən sonra, ön kapotunda Cənubi Amerika leyləyinin fiquru olan avtomobilləri istehsal etmək ideyası üzərində düşünürdü.

2019-cu ildə keçmiş Audi dizayneri Maguari HS1 GTC kupesini nümayiş etdirsə də, avtomobilin satışlarına yalnız 2022-ci ilin mart ayının əvvəlində başlayıb. Kupe ABŞ, Avropa, Yaxın Şərq və Asiya bazarlarında satılacaqdır. Bütün bunlar iki il əvvəl baş verə bilərdi, lakin COVID-19 pandemiyası Himmelə öz planlarına dəyişiklik etməyə məcbur edib.

Ortamühərrikli Maguari HS1 GTC kupesi alüminiumdan hazırlanmış  məkanvari çərçivənin ətrafında yığılıb. Avtomobil 1200 at qüvvəsi və 1100 Nm fırlanma anı hasil edən iki turbokompressorlu 5,5-litrlik V10 mühərriki və dartma qüvvəsini arxa təkərlərə yönəldən yeddi pilləli DSG “robotu” ilə təchiz edilir.

Maguari HS1 GTC modeli 100 km/saat həddinə 2,8 saniyəyə sürətlənir. Bəyan edilmiş maksimal sürət həddi 400 km/saatdır, lakin kuöenin maksimal sürəti elektronika tərəfindən 360 km/saat həddində məhdudlaşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Superkarın təchizatına altıporşenli supportları olan karbon-keramika əyləc mexanizmləri, asqının aktiv qaldırma sistemi, habelə öndə 22-düymlük, arxada isə 23-düymlük təkər diskləri daxildir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.