Keçən ilin dekabr ayında Mercedes-Benz şirkəti Off-White brendinin yaradıcısı Vircil Ablo ilə birlikdə yaradılmış Project Maybach adlı konseptual ofrouder barədə məlumat vermişdi. Dörd aydan sonra, şirkət yenidən bu məhsuldar əməkdaşlıq haqqında danışıb. Geyim və aksessuarların kapsul kolleksiyası ilə yanaşı, məhdud saylı Maybach by Virgil Abloh versiyasında olan Mercedes-Maybach S680 sedanı təqdim edilib.

Qeyd etmək gərəkdir ki, bu layihə modelyerin ölümündən əvvəl tamamlanıb. Məhdud seriyadan olan dəbdəbəli sedan 150 nüsxəlik tirajla buraxılacaq və yalnız Off-White, Farfetch və Maybach Icons of Luxury onlayn meydançalarında, həmçinin seçilmiş Off-White mağazalarında satılacaqdır.

Mercedes-Maybach S680 by Virgil Abloh sedanı, altımetrlik Project Maybach şou avtomobili üçün xüsusi olaraq yaradılmış iki rəngə boyanıb. Avtomobilin yan tərəfləri, bamperləri və döymə təkər diskləri qum rəngindədirlər. Kapot, dam, sütunlar, baqaj qapağı isə parlaq qara Obsidian Black rənginə boyanıb. Bənzər rəng sxemindən Nappa dərisi ilə üzlənmiş interyerdə də istifadə olunur. Mercedes-Maybach və Virgil Abloh loqotipləri mərkəzi konsolda, yastıqlarda, başlıqlarda və kandarlarda da var.

Daha bir yenilik MBUX media sisteminin fərqli qrafikasıdır: xüsusi versiyada Home düyməsi, loqotip və profil avatarı fərqli şəkildə çəkilib. Dəbdəbəli sedanın onsuz da zəngin olan avadanlıq siyahısına brendləşdirilmiş tent örtüyü və dəri ilə tərtib edilmiş taxta qutu daxildir. Bu qutuya avtomobilin 1:8 nisbətində miqyaslı modelini, iki açarı və bir karabini yığacaqlar.

Image alt Image alt Image alt Image alt

Kapotun altında, əvvəlki kimi, 612 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik V12 biturbo mühərriki yerləşəcəkdir. Transmissiya - doqquz pilləli “avtomatdır”.

Mercedes-Maybach S680 xüsusi versiyası Mercedes-Benz şirkətinin Vircil Ablo ilə birlikdə həyata keçirdiyi üçüncü və sonuncu layihədir. Dünya şöhrətli dizayner keçən il xərçəng xəstəliyindən vəfat edib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir