Amerikalı Toyota Camry sahibi öz avtomobilini eBay vasitəsilə159900 dollara satmaq niyyətindədir. Sual oluna bilər ki, Camry avtomobilinin özəlliyi nədir ki, sahibi onun üçün bu qədər böyük məbləği tələb edir? İş orasındadır ki, satılan avtomobil 2010-cu ildə Las-Veqasda keçirilən SEMA tüninq sərgisində nümayiş etdirilmiş eksponatlardan biridir. O zaman bu layihəni hazırlayanlar Toyota Camry modelinin NASCAR çempionatında iştirak edən avtomobillərə maksimum dərəcədə oxşatmaq məqsədini qarşılarına qoşmuşdular.
Beləliklə, tünerlər avtomobilin kapotunun altına 680 at qüvvəsi gücü olan 5,9-litrlik səkkiz silindirli mühərriki yerləşdirmişdilər. Güc aqreqatı altı pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışırdı. Yeri gəlmişkən, mühərrikin fırlanma anı bu qutu vasitəsilə avtomobilin ön öxuna deyil, arxa təkərlərinə ötürülür.
Mütəxəssislər həmçinin avtomobilin aerodinamikası üzərində də ciddi şəkildə çalışmışdılar. Bundan əlavə, Toyota Camry yarış avtomobillərini xatırladan ag və qırmızı rənglərə boyanmışdı.
Qeyd etmək lazımdır ki, avtomobil cəmi 27 kilometr məsafə qət etmişdir. Avtomobilin sahibi onu üç il bundan öncə də satışa çıxarmışdı. Çox güman ki, avtomobili üç il bundan qabaq əldə etmiş ikinci sahibi onu satmaq fikrinə düşmüşdür.
