Avtomobil nəqliyyat vasitəsi olmaqla yanaşı, imic, həm də çoxları üçün arzuların reallaşmasıdır. Yaxşı avtomobilə sahib olmaq hər kəsin ən böyük istəyidir. Banklar tərəfindən avtomobil kreditləşmə şərtlərinin yüngül olması, hər kəsə arzuladığı yeni avtomobilə qovuşmağa şans verirdi.
Lakin, Mərkəzi Bank tərəfindən avtomobillərin kreditləşməsi üzrə tələblər sərtləşdirildikdən sonra, bazarda ikinci əl avtomobillərinə olan tələb dəfələrlə artıb.
İkinci əl avtomobil əldə edərkən “sürprizlərlə” qarşılaşan istehlakçıların sayı da kifayət qədərdir. Bu problemin həllini təmin edəcək platforma isə, yerli Autoreport startapıdır.
Autoreport-un rəhbəri Radji Gülamirov ilə proyekt haqqında ətraflı söhbət etdik.
Radji Gülamirov – Azərbaycan Biznes Partnyorları Klubunun üzvüdür, idarəetmə ixtisası üzrə Sumqayıt Dövlət Universitenin məzunudur.
Radji, Autoreport platformasını yaranmasının səbəbi nədir?
Dostlarımız avotmobil alarkən aldatılmışdı. Odomotrdə 60 min km göstərilsə də, bir müddət sonra, tanışımız avtomobilin BAN nömrəsini xarici saytda yoxlayaraq, onun satılarkən 120 min km qət etdiyi aydınlaşdırdı.
Düşündük ki, nədən Azərbaycanda da belə bir sistem olmasın. Axı, avtomobili satıcının andı ilə deyil, elektron məlumata əsaslanaraq almaq daha təhlükəsiz olar.
Autoreport layihəsini yaradaraq, Dövlət start-up sertifikatı aldım.
Autoreport bu aldatılmaların qarşını necə ala bilər?
Bazarda 2-ci əl avtomobillər əldə edrəkən alıcılar çox zaman saxtakarlıqlarla qarşılaşırlar. Satıcı avomobilin odometrindəki göstəricini geri çəkir, əvvəl olan problemləri, qəzaya düşməsini, yağ dəyişmə tezliyini və digər məlumatları gizlədirlər. Bu da avomobilin yeni sahibinə gələcəkdə problemlər yaradır. Alınmış avtomobilin problemləri üzə çıxdıqda isə, onu geri qaytarmaq mümkünsüz olur.
Bu hadisələrin və problemlərin qarşısını almaq və şəffaf mühit yaratmaq məqsədi ilə Autoreport platformasını yaratdıq. Bu layihə yalnız yalanların qarşısını almaq məqsədini deyil, həmçinin istifadəçilərə və servislərə xidmət göstərmək, digər geniş imkanlardan yararlanmaq məqsədini daşıyır.
Vətəndaşlarımızın avtomobil alış-satışı zamanı üzləşdiyi problemləri nəzərə alsaq, bazarda böyük bir boşluğun mövcudluğunu müşahidə etmək olar. Təxminən 1,4 milyon avtomobil həcmi olan bazarda çox yüksək potensialın olduğunu dəyərləndirdik. Gələcəkdə Azərbaycan brendi olaraq beynəlxalq bazarlara çıxmaqla, potensialımızı daha da artırmaq niyyətindəyik.
Yəqin ki, əksəriyyət avtomobil alarkən aldatılmaq qorxusu ilə üzləşir. Bizim platforma isə, alınacaq maşının yağ dəyişmə tezliyini, son yürüşünü, sahiblərinin sayını və servis məlumatlarını onlayn olaraq göstərir. Məqsədimiz ikinci əl avtomobil bazarını hər bir tərəf üçün daha etibarlı etməkdir. Missiyamız - ikinci əl avtomobil alıcı və satıcıları üçün nəqliyyat vasitələrinin servis tarixçələrinin əsas mənbəyi olmaqdır.
Autoreport layihəsi cəmiyyətin üzərinə düşən sosial məsələlərin, problemlərin izlənilməsini və onlara diqqət yetirilməsini də təmin edir. Bunun sayəsində cəmiyyətdə daha yaxşı vəziyyətin yaranmasına nail ola bilərik.
Avtoreport-da təqdim edilən məlumatlar araşdırma və tədqiqatlar üçün də böyük əhəmiyyət kəsb edir. Bu məlumatlardan sosial vəziyyətin təhlili və daha yaxşı anlaşılması üçün istifadə edilə bilər.
Alıcı üçün sizin platformanın xeyiri nədir?
Alıcı avtomobil seçərkən, satıcının verdiyi məlumat və vədlər əsasında qərar qəbul etmir, Autoreport.az vebsaytına daxil olaraq, onun BAN nömrəsini daxil edərək, məlumatları incələdikdən sonra qərar verir. O, maşının real texniki göstəricilərini əldə etmək və sərmayəsinin sığortalanması üçün nəqliyyat vasitəsində aparılan bütün servis xidmətlərinin tarixçəsini asanlıqla əldə edir və eyni zamanda, saxtakarlıqdan qorunmaq şansına sahib olur.
Əgər satıcı səmimi şəkildə real məlumatı verirsə, onu vebsaytımızdakı səhifəsində alıcıya göstərərək, öz sözlərini təsdiq edə bilər. Bu da alış-satış sövdələşməsini sadələşdirir.
Axı, heç bir usta və avtoservis tam əminliklə avtomobilin tarixçəsi haqqında məlumat verə bilməz, yalnız onun hal-hazırdakı vəziyyətini yoxlaya bilir.
Autoreport-un istifadəçisi nə əldə edir?
Autoreport istifadəçisi nəqliyyat vasitəsində aparılan bütün servis xidmətlərini rahatlıqla rəqəmsal bazada onlayn şəkildə yerləşdirmək imkanına sahib olur.
Yəni, maşının servis məlumatları onun sahibi üçün əlçatandır. Nəqliyyat vasitəsini satmaq istədikdə isə, şəffaf və etibarlı satış üçün Autoreport-dakı servis məlumatlarını təqdim edə bilər.
Autoreport həm sosial layihə olaraq istifadəçilərin maarifləndirilməsi, avtomobilə qulluq mexanizminin elektronlaşması, həm də cəmiyyətə və təbiətə zərər verəcək addımlardan uzaq olmalarını təmin edən sosial mesajdır. Məsələn biz istifadəçilərimizə elektron servis kitabçasında son yağ dəyişməni elektron qaydada xatırladırıq.
Avtomobilin yağı vaxtı-vaxtında dəyişmədikdə ekoloji və texniki problem yarana bilər. Avtomobilin yağı mühərrikin düzgün işləməsi və yüksək səviyyədə effektivlik göstərməsi üçün vacibdir. Yağ mühərrikin daxilində friksiyanı azaldır, alışdırıcıların növbəti dövrəyə keçməsinə kömək edir və əsasən, onun istilik və enerji emalını idarə edir ki, bu da öz növbəsində, atmosferə atılan zərərli tullantıların miqdarını azaldır.
Yekunda, demək olar ki, hər bir tərəfin faydaları var.
Yaşından və sürdüyü nəqliyyat vasitəsindən asıllı olmayaraq bütün avtomobil sahibləri Autoreport.az da pulsuz şəkildə özünə Elektron servis kitabçası yarada və keçirilmiş xidmətləri daxil edə bilər.
Alıcılar avtomobil seçərkən aldatılma riskini minimuma endirmək üçün Autoreport.az-da almaq istədiyi maşının VİN (BAN) nömrəsini yoxlaya bilərlər.
Satıcılar isə, avtomobilə daima göstərdiyi xidmətləri (yağ dəyişmə, razval, elektrik diaqnostikası, forsunka əməliyyatları və.s ) daxil edərək satış zamanı qiyməti sitimullaşdıra və həmçinin etibarlı satışı həyata keçirə bilərlər.
Hətta, satıcılar da bu xidmətdən fayda ilə istifadə edə bilərlər. Avtomobilə xidmət və digər məlumatlar yaxşı olarsa, bu onun qiymətinin artmasına da gətirib çıxara bilər. O, avtomobili daha baha qiymətə sata bilər.
Servis mərkəzinə xidmət üçün müracitə edərkən, hansı prosedurları həyata keçirmək lazımdır?
İstifadəçi servisə gedərkən avtomobilin o ana olan yürüşünü, servis mərkəzini və ustanı seçir, görüləcək iş qrupunu, sonra isə xidmətləri seçir. Servisdə usta, öz növbəsində, bu işi electron qaydada təsdiq etdikdən sonra, sistemdə qeyd olunur və istifadəçinin avtomobilinin səhifəsində yer alır.
Hər bir istifadəçi bir neçə avtomobili qeydiyyatdan keçirə bilər. Bu şəxsi yaxud şirkət avtomobili ola bilər. Onu qeydiyyatdan keçərkən seçir.
Servis mərkəzlərinin və fərdi ustaların təsdiqi məhz şəffaflıq üçün tələb olunur ki, yalan məlumatların qarşısı alınsın.
Vebsaytda hansı məlumatları əldə etmək olar?
Hər bir nəqliyyat vasitəsinin tarixçə hesabatına bunlar daxildir: yürüş, təxmini sahib sayı, istifadə təlimatı, geri çağrılması haqqında məlumat, xidmət və yoxlanış tarixçəsi.
Nəqliyyat Vasitəsi Tarixçə Hesabatlarına baxmaq üçün, etibarlı üçüncü tərəfdən istifadə edərək, ikinci əl avtomobillərini qiymətləndirməyə sərf olunan vaxtı xeyli azaldaraq, gözlənilməyən riskləri minimuma endirmək olar.
Qarşımızda duran vəzifələr bu layihənin Azərbaycan bazarında tanınması və daha çox faydalı olması üçün böyük addımların atılmasını sistemləşdirmək, marketinq və sosial platformalar vasitəsi ilə istifadəçilərə çatdırmaqdır. Məqsədimiz təkcə Azərbaycan bazarı deyil, maşın sürülən bütün ölkələrin əlçatan platformasına çevrilməkdir.
Avtomobil sahiblərinin faydası haqqında danışdınız, bəs bu platformanın servis və ustalara nə faydası var?
Hər bir tərəfin faydasını nəzərə almışıq. Autoreport.az saytında hesabı olan fərdi emalatxanası olan ustalar və servis mərkəzləri həm müştəri portfelini yarada, həm də gördüyü işləri daha böyük kütləyə çatdıra bilərlər.
Həm də onlara əlçatan olmayan ERP və CRM xidmətlərindən yaralana bilərlər. Usta yaxud servis mərkəzi bizim platformadakı statistikanı istifadə edərək, işini ayarlaya, lazım olan ehtiyat hissələri, avadanlıq və alətlərin tədarükünü vaxtında həyata keçirə bilər.
Ehtiyyat hissələri mağazaları sorğu vasitəsi qarşılığında ən keyfiyyətli və ən sərfəli məhsulu müştəriyə rahatlıqla çatdıra bilərlər.
Avtomobil satış salonları isə, Elektron Servis Kitabçası olan nəqliyyat vasitəsinin alış-satışını rahatlıqla apararaq, risklərini minimuma endirə bilərlər.
Digər bir imkan – istifadəçilərə ünvanlanmış Smart Marketinqdir. Onlar, öz müştərilərinə məlumat çatdırmaq üçün bizim platformadan istifadə edə bilərlər. Məsələn, kampaniyalar zamanı, platformamızda qeydə düşmüş müştərilərinə SMS vasitəsi ilə məlumat göndərə bilir.
Bir sözlə, hər kəsin öz faydası var.
Servislər Smart Marketinq vasitəsi ilə bütün Autoreport istifadəçilərinə məlumat göndərə bilirlərmi?
Xeyr, onlar ancaq öz xidmət etdikləri və qeydiyyatda olan istifadəçilərə SMS göndərə bilərlər. Digər servis mərkəzləri və ustaların müştərilərinə məlumat göndərilmir.
Qeydiyyatdan keçmiş istifadəçilərin məlumatlarını qorunmasına necə yanaşırsınız?
Bazamızda olan istifadəçilərin məlumatları tam məxfidir. Hər kəs yalnız öz məlumatını, xidmət göstərən mərkəzlər isə yalnız onlara aid olan məlumatları görə bilirlər.
Avtomobil alış-satışdan sonra, onun haqqında məlumat Autoreport-da yeni sahibinə neçə ötürülür?
Qeydiyyatda olan yaxud yeni qeydiyyatdan keçən istifadəçi öz profilinə avtomobilin VİN (BAN) nömrəsini əlavə edir və sistemdə daha öncədən avtomobil qeydiyyatdan keçibsə, bu haqda məlumat göstərilir və qeydiyyatda olan sahibinə təsdiq üçün SMS göndərilir. Yalnız, təsdiqdən sonra avtomobil keçmiş sahibinin profilindən silinərək yeni sahibinin profilinə köçürülür.
Autoreport.az platformasında nə qədər nəqliyyat vasitəsi qeydiyyatdan keçib?
Bu günə qədər 30 mindən çox nəqliyyat vasitəsi qeydə alınıb və say hər gün dəyişir. Sistemimizdə 200-dən çox servis mərkəzləri və ustalar mövcuddur. Onların siyahısını və məlumatlarını vebsaytımızda əyani şəkildə görmək olar. Servis mərkəzlərindəki ustaların sayı çox olduğu üçün, ümumi usta sayı dəfələrlə yüksəkdir.
Gələcək planlarınızda nə var?
İlk addımımız istifadəçi və mərkəzlərin sayının artırılması, habelə xidmətimizi genişləndirməkdir. Növbəti mərhələdə mobil tətbiqi təqdim etməyi planlaşdırırıq. Artıq tətbiq üzərində işlər gedir.
Məqsədimiz hamıya faydalı olmaq, şəffaf münasibətlər və əməkdaşlıqların yaranmasına dəstək olmaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.