Bu günlərdə İspaniyanın Barselona şəhərində Seat şirkətinin dilerlərinin ümumi yığıncağı keçirilmişdir. Görüş mərasimində çıxış edən Seat şirkətinin rəhbəri Luka de Meo maraqlı bir məlumatı səsləndirmişdir. İspan istehsalçısının rəhbəri 2017-ci ildə Seat şirkətinin daha bir yığcam krossoveri təqdim edəcəyini bildirmişdir. Görünən odur ki, Seat şirkəti də Volkswagen qrupuna daxil olan digər istehsalçılardan nümunə götürərək, gələcəyi olan krossoverlər sinfinə üstünlük verir. Luka de Meonunu sözlərinə görə, ispan şirkəti Ateca krossoveri ilə yeni hücuma atılır və gələn il Ateca krossoverinin «kiçik qardaşı» da bu hücuma dəstək verəcəkdir.

Bununla belə, de Meo yeni krossover barədə heç bir açıqlama verməmişdir. Əgər Seat şirkətinin 2020-ci ilə olan istehsal planlarına nəzər salsaq, ispanların ictimayyətə bir neçə krossoverdən ibarət model cərgəsini təqdim etmək niyyətinin olduğunu görərək.

Bundan əlavə, şirkət rəhbəri Avropada Ateca krossoverinin 7,2 milyona yaxın insan tərəfindən maraqla qarşılandığını da vurğulamışdır. Onun sözlərinə görə, artıq 300 minə yaxın insan Ateca modelinin konfiquratorundan istifadə edib ki, bu da yeni modelin gələcək uğurlarından xəbər verir.

MQB modul platformasında yığılan SEAT Ateca modelinin baza variantı 116 at qüvvəsi gücü olan 1,0-litrlik üç silindirli benzin mühərriki, altı pilləli mexaniki sürətlər qutusu və öndən çəkiş sistemi ilə təchiz ediləcəkdir. Krossoveri həmçinin, 4Drive adlanan tam ötürməli çəkiş sistemi ilə də sifariş etmək mümkün olacaqdır. Bundan əlavə, Ateca modeli kiçik yükləmə zamanı silindirlərinin yarısı söndürülə bilən 150 at qüvvəsi olan 1,4-litrlik dörd silindirli turbomühərriklə də təchiz ediləcəkdir.

Gələcəkdə krossoverin Cupra adını alacaq və 300 at qüvvəsi gücü olan 2,0-litrlik turbomühərriklə təchiz edilmiş variantlnln olacağı da göslənilir.

Krossoverin dizel  variantları gücü 116, 150 və 190 at qüvvəsi olan 1,6-litrlik dizel güc aqreqatları ilə komplektləşdiriləcəkdir. Mexaniki sürətlər qutusuna alternativ olaraq yeddi diapazonlu robotlaşdırılmış DSG sürətlər qutusu təklif ediləcəkdir.

Avtomobilin təchizatına tam işıq diodlarından hazırlanmış fənərlər, smartfonların naqilsiz qidalandırma sistemi, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən multimedia sistemi daxil olacaqdır.