Avtomobil boyalarının tədarükü üzrə ixtisaslaşmış amerikan Axalta Coating Systems şirkəti yola saldığımız ildə ən çox populyar olan rəngləri müəyyən etmək üçün tədqiqat aparıb. Artıq 10 ildir ki, ağ rəng avtomobil rəngləri arasındakı lideriyini qoruyub saxlayır. Buna baxmayaraq, ağ rəngə olan tələbat tədricən azalır, boz rəngə olan tələbat isə əksinə artmağa davam edir: artıq boz rəng populyarlığına görə qara rənglə bərabərləşib, Avropada isə, hətta ağ rəngi keçərək, yerli reytinqdə liderliyə yükəslib.
Aparılmış tədqiqatın nəticələrinə görə, yeni avtomobillərin 35 faizi ağ rəngə boyanır. Eyni paya qara və boz avtomobillər (19%) malikdirlər. Qeyd etmək gərəkdir ki, 2020-ci illə müqayisədə boz avtomobillərin sayı dörd faiz artıb. Dördüncü və beşinci yerləri, müvafiq olaraq, doqquz və səkkiz faizik nəticə ilə gümüşü və göy rənglər tuturlar. Onları qırmızı (5%), qəhvəyi/bej (3%), yaşıl və sarı (hər biri 1%) rənglər təqib edirlər. Qalan rənglərin payı isə bir faizdən azdır.
Ağ rəngin ən çox populyar olduğu 2017-ci ildə, yeni avtomobillərin 39 faizi bu rəngə boyanmışdılar. Cari ildə ağ rəng ümumilikdə üç, dünyanın ən iri bazarlarından biri olan Çində isə yeddi faiz itirib.
Avropa yeni boz avtomobillərin üstünlük təşkil etdiyi yeganə regiondur – 27%. Gümüşü rəngli avtomobillər daha çox Cənubi Amerikada (23%), qara avtomobillər isə yenə də Avropada populyardılar. Köhnə Dünyada qara avtomobillər əsasən lüks seqmentində liderdilər. Qırmızı avtomobillər isə ən çox Şimali Amerikanın yollarında görünüblər – burada onlar bazarın səkkiz faizini zəbt etməyə müvəffəq olublar.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.