Budur, artıq yollardan beton baryerlər yığışdırılıb və bir neçə gün bundan öncə Formula 1 bolidlərinin şütüdüyü küçələrdə yenə də minik avtomobilləri hərəkət edir. Bəli, Formula 1 fanatlarının səbirsizliklə gözlədiyi yarış günləri geridə qalıb. Bu isə, Azərbaycan Qran Prisi ətrafında cərəyan edən ehtirasların yavaş-yavaş səngiməsindən xəbər verir. Artıq Formula 1 aləminin baxşları okeanın o tayına - Yeni Dünyaya, qısaca desək Kanadaya yönəlib.
Mənim də, qəzetçi Rza bəy demişkən, müsaidənizlə bir qaç kəlmə söz ifadəsinə əşəddi ehtiyacım vardır.
Şəhərimizin küçələrində keçirilən hər bir Qran Pri, əlbəttə ki, 2016-cı ildə baş tutmuş Avropa Qran Prisi istisna olmaqla, tamaşaçılara və Formula 1 fanatlarına böyük həyəcan yaşadıb. Qeyd etmək lazımdır ki, adındakı “Avropa” sözünün “Azərbaycan” ilə əvəzlənməsindən sonra Bakıda keçirilən yarışlar öz çılğınlığı, qalmaqalları və qalibin sona qədər məlum olmaması ilə seçiliblər. Sanki, Bakının havasından udub, suyundan içən pilotlar da yerli sürücülər kimi çılğınlaşırlar.
Üstəlik, məsələ o həddə çatıb ki, paddokda “Bakı sindromu” deyilən məfhum peyda olub. Bu günə qədər Bakıda keçirilən hər bir yarışda müxtəlif pilotlar qalib gəliblər. Yəni, Bakı trekində ikinci qələbəsi olan oğulu çıraqla axtarsan da tapa bilməzsən. Poul məsələsində də vəziyyət bənzər idi, lakin keçən həftə buradakı ikinci poulu əldə edən Ferrari pilotu Şarl Lekler bu sindromu qısmən də olsa laxladıb.
Keçən həftənin şənbə günü keçirilən təsnifat mərhələsi intriqanı sona qədər qorumuşdu - sərbəst yürüşlərdən sonra poul uğrunda mübarizənin Scuderia Ferrari və Red Bull Racing komandalarının pilotları arasında gedəcəyi məlum idi - özü də yerli ekspertlər Şarl ilə Çekonun çəkişəcəyindən əmindilər. Yalnız sıralamaların sonuncu seqmentində möhtəşəm zamana imza atan Şarl Lekler, rəqiblərinin poulu qazanmaq istəklərini ürəklərində qoymuşdu.
Hamı böyük səbirsizliklə yarış gününü gözləyirdi. Mən də daxil olmaqla, hər kəs yenə də çılğın və xaotik bir yarışmanın baş tutucağından əmin idi.Hər halda istəklərimiz belə idi. Lakin atalar demişkən, sən saydığını say, gör fələk nə sayır.
Startda daha çevik tərpənən Serxio Peres poulun sahibi Lekleri qabaqlayaraq ilk döngəni birinci keçməyi bacardı. Yarışın ilk dövrələri Red Bull pilotlarının daha yaxşı yarış tempinə malik olduqlarını, Ferrari pilotlarının onlara çatmaqda çətinlik çəkdiklərini göstərdi. Çeko Şarl ilə ara məsafəsini iki saniyənin üzərində saxlamağa müvəffəq olmuşdu. Hər şey yarışın həyəcanlı keçəcəyindən xəbər verirdi - lakin ilk siqnal yarışın səkkiznci dövrəsində gəldi: Karlos Saynsın Ferrari’si dördüncü döngədəki cibdə hərəkətsiz qalmışdı…
Virtual təhlükəsizlik avtomobili rejiminiin elan edilməsi ilə əksər pilotlar şinləri dəyişməyə yollandırlar ki, onların arasında Şarl Lekler də var idi. İlk baxışdan, Maranello komandası pilotunun yarışdan kənar qalmasına baxmayaraq, uğurlu gediş etmiş, Red Bull strateqlərinin isə, onlara xas olmayan səhvə yol vermişdilər. Şarl pitdən hər iki Red Bull pilotunun arxasında çıxsa da, onun sonrakı pit-stoplarda irəli çıxmaq şansı var idi və bu belə də oldu.
Eyni zamanda, gözlənilmədən yarışa liderlik edən Çeko tempini itirdi və ona çatan Ferstappen asanlıqla komanda yoldaşını keçdi. Üstəlik, komanda meksikalıya qəti şəkildə müqavimət göstərməməyi tapşırmışdı. Yenicə müqavilə imzalamış Peres əlbəttə ki, komanda körpücüyünün sözündən çıxmaq fikrindən çox uzaq idi.
Bundan bir dövrə sonra Peres pitə yollandı və nə hikmətdirsə, onun pit-stopu görünən səbəblər olmadan tam beş saniyə çəkdi. Artıq boldində yeni şinləri olan meksikalının, ondan iki dövrə sonra pit-stopa yollanan hollandiyalını keçmək şansı yox idi. Əlbəttə ki, yarışlarda belə şeylər olur, lakin bu hadisə azarkeş və ən əsası mütəxəssislərdə şübhələr oyandırdı.
Növbəti dövrədə Çeko, eyni zamanda, bütün bunlar sayəsində qələbə şansını əldən verdiyinin şahidi oldu - Şarl Leklerin boldindəki Ferrari mühərriki tüstüləyərək ömrünü sizlərə tapşırdı. Bununla da yarışdakı intirqaya və həyəcana son verildi - artıq 2022-ci ilin Azərbaycan Qran Prisinin qalibinin adı məlum idi…
Qeyd etmək lazımdır ki, həmin gün texniki problem yaşayan pilotlar təkcə Ferrari pilotları deyildi - Maranello mühərrikləri quraşdırılmış Haas və Alfa Romeo bolidləri də yarışdan kənar qalmışdılar. Bu problemlərin səbəbi bu gün - sıradan çıxmış mühərrikin Maranellodakı fabrikdə açılmasından sonra bəlli olacaqdır.
Əlbəttə ki, texniki idman növündə bənzər problemlərin yaşanması labüddür və heç kim bundan sığortalanmayıb. Bu gün Ferrari pilotlarının başına gələnlər, sabah digər pilorların da başına gələ bilər. Fələyin çarxının necə dövran edəcəyini heç kim bilmir. Xatırladım ki, mövsümün başlanğıcında texniki problemlər yaşamış və çempionluğun Leklerin cibində olduğunu hesab edənlərə rəğmən, Maks Ferstappen bu gün pilotlar, Red Bull isə komandalar çempionatına liderlik edir. Odur ki, hər şey ola bilər… Əsas mübarizə əzmini itirməməkdir.
Yaddan çıxmamış bir məqama da toxunmaq istərdim. Yeni reqlament ciddi bir problemi ortaya çıxarıb - yeni texniki tələblərə uyğun olaraq hazırlanmış bolidlər bu günə qədər həllini tapmayan yırğalanma problemi ilə üzləşiblər. Nə qədər qəribə olsa da, bu problemdən ən çox əziyyət çəkən son illərdə ardıcıl olaraq hər iki çempionatda uğur qazanmış Mercedes-AMG Petronas Formula One Team komandasıdır.
Bir çoxları almanların bu problemə tezliklə çarə tapacağını gözləsələr də, indiyədək tətbiq etdikləri dahi həllərlə ad çıxarmış komanda mühəndisləri yırğalanma problemi qarşısında aciz qalıblar. Bu vəziyyətdən də ən çox əziyyət çəkən yeddiqat dünya çempionu Luis Həmiltondur. Bakıdakı yarışdan sonra britaniyalı pilotun halı heç də yaxşı deyildi. Sanki o, həmin an Soltan bəy kimi, “ay qız Telli, gəl dikəlt məni” demək istəyirdi…
Yeri gəlmişkən, bel ağrısından şikayətlənən Luisin gənc komanda yoldaşı Corc Rassel bu dəfə Red Bull pilotlarını podiumda müşayət edirdi. Ferrari pilotlarının yarışdan kənardan qalmasından sonra podiumun üçüncü pilləsinə qalxmaq Corc üçün o qədər də çətin olmadı. Yırğalanan Mercedes bolidinə belə baxmayaraq...
Məqalənin sonunda çempionatdakı vəziyyəti göstərən cədvəlləri və geniş təhlili axtarmayın. Bu, yalnız Azərbaycanda Formula 1 haqqında olan yeganə peşəkar F-1.az saytının, bir də, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin “kriteriyalarına” cavab verən və yarışa akkreditasiya almış jurnalistlərin imtiyazıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.