Bu barədə jurnalistlərə Cadillac şirkətinin qlobal bölməsinin vitse-prezidenti Con Rot məlumat verib. Rot konkret rəqəmləri səsləndirməsə də, ötən ilin sonunda CT5 sedanının brendin ən çox satılan modeli olduğunu və onun xüsusilə Çin və ABŞ-da yaxşı satıldığını bildirib. Çin Cadillac CT5 modeli üçün ən böyük bazardır, modelin satışlarının təxminən 20 faizi isə, ABŞ-ın payına düşür.
Şimali Amerika bazarında Cadillac CT5 modelinin satışları məlumdur: 2023-cü ildə amerikalılar 18,6 min ədəd CT5 sedanı alıblar ki, bu da ötən illə müqayisədə 17 faiz çoxdur. Artım tempinə görə, CT5 modeli Lyriq elektrik krossoverindən sonra ikincidir.
Bununla belə, ötən il Cadillac CT4 modeli üçün o qədər də uğurlu olmayıb: Şimali Amerikada bu modelə tələbat 1,4 faiz azalıb və 9,1 min ədəd CT4 modeli satılıb. Xatırladaq ki, CT5 sedanı bu yaxınlarda yenilənib, CT4 modelinin gələcək taleyi hələ də bəlli deyil.
Rot həmçinin Cadillac Lyriq krossoverinin 2023-cü ilin sonunda (yəni dördüncü rübdə) General Motors konserninin Ultium platformasında inşa edilmiş ən populyar elektromobili olduğunu bildirib. Şimali Amerikada 3820 ədəd belə elektromobil satılıb.
Cadillac brendinin qlobal satışlarına gəlincə, 2023-cü ildə satışların 9 faiz artdığı məlumdur. Müqayisə üçün qeyd edək ki, General Motors konserninə daxil olan digər markalar ili növbəti nəticələrlə başa vurublar: GMC - doqquz faiz, Chevrolet - 13 faiz, Buick isə 61 faiz artım göstərib.
Ümumilikdə, GM 2023-cü ildə 2,6 milyon avtomobil satıb (+14 faiz) ki, onlardan 75,9 minini elektromobillər (+93 faiz) təşkil edib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.