Hollandiyada fəaliyyət göstərən Bourguignon avtosalonu otuz il ərzində 218 kilometr qət etmiş və əla vəziyyətdə olan 1990-cı ildə istehsal edilmiş Audi V8 sedanını satışa çıxarıb. Mirvari ağı rəngində olan sedandan yalnız Benilüks ölkələrində istifadə olunub, mütəmadi olaraq servisdə xidmət keçib və mükəmməl vəziyyətdə qorunub saxlanılıb.
Audi V8 alman markasının 1988-ci ildə debüt edən qabaqcıl modeli olub. Flaqman sedanı, alman markasının V8 mühərriki təchiz edilən, həmçinin quattro tam ötürməsinin avtomatik transmissiya ilə tandemdə çalışdığı ilk avtomobili olub .
İlk Audi V8 modelləri 252 at qüvvəsi və 340 Nm fırlanma anı hasil edən 3,6-litrlik səkkizsilindrli atmosfer mühərriki və dörd pilləli "avtomat" ilə təchiz olunurdular - Hollandiyada satışa çıxarılmış sedan məhz belə avtomobillərdəndir.
Audi V8 modelinin təchizatına ağ mirvari rənginə boyanmış kuzov və təkər diskləri, dəri və ağacla tərtib olunmuş salon, klimat-kontrol və kruiz-kontrol, ABS, ön oturacaqlarin elektriklə tənzimlənməsi, qızdırılan ön və arxa oturacaqlar, elektrik şüşəqaldıranlar və güzgülər, habelə arxa pəncərələrdəki pərdələr daxildir. Çatışmayan yeganə şey audiosistemdir: sistemin yeri qapaqla örtülüb.
Audi V8 olduqca nadir bir avtomobildir. 1988 - 1993-cü illər arasında model 21 min nüsxəlik tirajla istehsal edilib. Çox güman ki, Hollandiyadan satılan və 30 il ərzində yalnız iki sahibi olmuş sedan, Audi V8 modelləri arasında ən baxımlı və hətta demək olar ki, yürüyüşü olmayan yeganə avtomobildir.
Bourguignon avtosalonu Audi V8 sedanının satışından 74.950 avro (81.100 dollar) əldə etmək istəyir. Müqayisə üçün, ABŞ-da qısa bazalı yeni Audi A8 modelinin qiyməti 85.200 dollardan başlayır.
Mənbə: Bourguignon