11 sentyabr tarixində “Improtex Motors” şirkəti “Rolls-Royce Motors Baku” salonunda yeni Rolls-Royce Phantom Tranquillity modelini təqdim etdi. Phantom Tranquillity - dəbdəbə dünyasında ən əlçatmaz və ən çox arzu edilən avtomobilidir. Bir milyon dollar qiymətində olan Tranquillity kolleksiyası bütün dünyada sadəcə 25 nüsxə ilə məhdudlaşır. Bu model həm standart, həm də uzun təkər bazası ilə təklif olunur.
Təqdimat üçün Britaniyadan Birləşmiş Krallıq, Qərb-Şərq Avropa, Rusiya və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru cənab Culian Cenkins və Rolls-Royce şirkətinin aparıcı dizayneri – Mətyu Danton Bakıya təşrif buyurmuşdular.
Rəsmi təqdimatdan sonra, ekskluziv Rolls-Royce Phantom Tranquillity modelinin dizayneri Mətyu Danton ilə müsahibəmiz baş tutdu.
R.M. Mətyu, hazırki Phantom modelləri yetərli qədər dəbdəbəli deyilmi ki, siz daha eksklyuziv Phantom Tranquillity modelini inşa etməyə qərar verdiniz?
M.D. Bu avtomobilin bazara çıxarılması unikallığın yeni bir pilləsidir. Digər Phantom-lar da kifayət qədər lyuks səviyyəli avtomobillərdir. Tranquillity seriyası ilə biz tamamilə yeni bir səviyyə təklif edirik. 24 karatlıq qızıl, kosmik gəmilərdə tətbiq olunan xüsusi aluminium və titandan istifadə edərək çox fərqli, həmçinin azad seçim etməyə imkan verən bir formata keçdik. Bu, özü-özlüyundə lyuks avtomobillər üçün fərqli yanaşma və təmamilə yeni bir səviyyədir.
R.M. Yeni Rolls-Royce Phantom Tranquillity-də əsas diqqət kosmik mövzuya yönəldilib. Bu ideya haradan yaranıb?
M.D. Qeyd etməliyəm ki, ilk növbədə Phantom sülh və əmin-amanlıq rəmzidir. Qərar verdik ki, həmin anlayışı növbəti səviyyəyə yüksəldək. Biz paralellər keçirərək, səmadan yer kürəsinə baxan insanın fərqli və sakit bir mühitdən seyr etdiklərini düşündük. İki müxtəlif dünyanı bir məkanda birləşdirmək cəhdi yeni ideyanın yaranmasına təkan verdi. Bu avtomobildə kosmosa məxsus texnologiya və materiallardan istifadə etdik.
Phantom Tranquillity “Qalereya” motivi ingilis “Skylark” raketlərinin inkişaf etmiş texnologiyalarından ilhamlanır. Kompozisiya yüksək keyfiyyətli paslanmayan poladdan, 24-karatlıq qızıldan və kosmik keyfiyyətə malik alüminiumdan hazırlanıb. Rolls-Royce avtomobillərində ilk dəfə olaraq, səsi tənzimləyən düymənin tərtibatında meteoritdən istifadə edilib. Əlavə olaraq, meteoritdən düymə qızıl örtüklü halqa ilə haşiyələnib. Düymədə tətbiq edilən material 1906-cı ildə Kirunada (İsveç) yer üzünə düşmüş “Muonionalusta” meteoritinin bir parçasıdır.
Bu meteoritin yerə düşmə tarixi ilə Rolls-Royce şikətinin yaranma tarixi eyni vaxta təsadüf edir. Təsəvvür edin ki, dünyanın bir tərəfində meteorit düşən zaman, digər tərəfində yeni avtomobil şirkəti yaranır. Bu hadisələr 100 il əvvəl baş verib. Ona görə də, markamızın 100 illik yubileyi ilə əlaqədar olaraq, bu meteoritdən istifadə etməklə belə bir unikal və məhdud sayda buraxılacaq avtomobili yaratdıq.
Səsi tənzimləyən düymə meteoritdən hazırlanıb və əlavə olaraq, qızıl örtüklü halqa ilə haşiyələnib.
R.M. “Muonionalusta” meteoriti elə cəmi 25 avtomobilə yetdi? Bu səbəbdən seriya bu qədər məhdud saydadır?
M.D. Meteorit hissələrə bölünərək yalnız 25 avtomobildə istifadə edilib. Məlum məsələdir ki, məhdud sayda olan avtomobil daha da arzulanan və əlçatmaz olur. O, artıq ilk gündən kolleksiya nüsxəsinə çevrilir.
R.M. BəsRolls-Royce Phantom Tranquillity onun daxilində istifadə olunan meteorit kimi sürətlidirmi?
M.D. Phantom-un əsas mahiyyəti sürət deyil, sərnişinlərini gərək olan mənzilə rahatlıqla çatdırmaqdır. Meteorit sürəti ilə hərəkət etməsə də, onun təchiz olunduğu mühərrikin yetərli qədər gücü və potensialı var.
R.M. Söylədiyiniz kimi, Phantom Tranquillity-nin “Qalereya” motivi ingilis “Skylark” raketlərinin texnologiyalarından ilhamlanır. Bəs bunun səbəbi nədir?
M.D. Britaniyanın “Skylark”proqramı uzun müddətdir fəaliyyət göstərir. Bu proqram çərçivəsində raketlər fərqli avadanlıqları kosmosa çıxarıb. Onların icad etdiyi avadanlıqlar heyətin işləməsi, onların radiasiyadan qorunması və təhlükəsizliyini təmin etmək üçün istifadə olunub. Avtomobilin ön panelində gördüyünüz hissə bu məqamları əks etdirir.
R.M. Bu avtomobilin xoşbəxt sahibi ona oturarkən hansı hissləri keçirməlidir? Beynində hansı fikirlər yaranmalıdır?
M.D. O şəxs özünü rahat, əmin və sakit hiss edəcəkdir, çünki avtomobilin salonundakı rənglər elə seçilib ki, belə bir mühiti yaratsın və adı çəkilən hisslər ilə təmin etsin.
Qeyd edim ki, ayın işıqlı və qaranlıq tərəflərinə əsaslanaraq yaradılmış “Arctic White” və “Selby Grey” dərisinin daxili rəng çeşidi unikal şpon ilə xüsusi ahəng təşkil edir. Hər iki variantda da ön panel və mərkəzi konsol qara parlaq paslanmayan poladdan hazırlanıb, eyni zamanda, əlcək qutusunun qapağı və qapı dəstəkləri tutqun materiallar ilə üzlənib.
1977-ci ildə buraxılmış, NASA-nın əfsanəvi “Voyager” kosmik aparatına həsr olunmuş Bespoke Audio sistemi də qızıldan hazırlanıb və çox yüksək keyfiyyətli səsi ilə seçilir.
R.M. Avtomobilin eksteryeri və interyeri ağ və qara rənglərlə işlənib. Bu nə qədər ekskluziv sayıla bilər? Çox sadə deyilmi?
M.D. Sadəlik bu modeli ruhlandıram amildir. Məhz bu rəng sxemində qızılla işlənən və yaradılan hissələr daha tez canlanır və daha çox gözə çarpır.
R.M. Bu qədər bahalı qiymətə sadəlik nə qədər uyğundur?
M.D. İlk baxışda rənglərin sadə olmasına baxmayaraq, interyerdəki rəng seçiminə baxdıqda onun nə qədər özəl və bahalı olmasını anlamaq mümkündür. Rolls-Royce Phantom Tranquillity-nin salonunda əyləşən şəxs də interyerin özəl olduğuna bir daha əmin olacaq. Bunu özünüz də yoxlaya bilərsiniz.
R.M. Avtomobillər artıq sahiblərini tapıbmı? Bu unikal 25 avtomobilin xoşbəxt sahibləri hansı ölkələrdəndir?
M.D. Rolls-Royce Phantom Tranquillity qlobal olaraq satılır və arzulayan hər bir şəxs onu ala bilər. Avtomobillər məhdud sayda olduğuna görə, onların sahibləri də dünyanın müxtəlif ölkələrində yaşayırlar.Artıq hər bir avtomobil öz sahibini tapıb. Bu gün isə, vacib olan odur ki, bu kolleksiyanın bir nüsxəsi Rusiya, Çin və digər bölgələrindən əvvəl Azərbaycana gətirilib. Bu da yaxşı göstəricidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.