Məşhur Gemballa atelyesinin qurucusu Uve Gemballanın oğlu Mark Filip Gemballa özünün ilk debüt layihəsini - Marsien superkarının detallarını açıqlayıb. Dakar yarışlarında iştirak etmiş Porsche 959 modelinə bənzəyən kupe, 992 seriyasından olan Porsche 911 Turbo S modelinin aqreqatlarında yaradılıb.
Avtomobil RUF mühərriki, titandan hazırlanmış Akrapovič buraxılış sistemi və tənzimlənən hündürlüyə malik olan yarıaktiv asqı ilə təchiz edilir. Marsien kupesi, asfaltlanmış və torpaq yollar üçün nəzərdə tutulmuş, iki dəstdən ibarət olan döymə alüminiumdan hazırlanmış disklər ilə çatdırılacaqdır.
Mark Filip Gemballa Marsien superkarının ilk tizerini 2020-ci ilin fevralında nümayiş etdirib. Bundan sonra Gemballa atelyesi ilə məhkəmə çəkişmələri başlayıb, bir neçə yeni tizer dərc edilib və nəhayət, 2021-ci ilin yazında, naməlum şəxs İnternet şəbəkəsinə avtomobilin Birləşmiş Ərəb Əmirliklərindəki sınaqları zamanı çəkilmiş videonu sızdırıb.
Artıq o zaman, kupenin “ürəyinin” əfsanəvi RUF Automobile tərəfindən hazırlanmış 3.8-litrlik altısilindrli biturbo oppozit mühərriki olacağı məlum idi.
Adi Porsche 911 Turbo S modelində bu mühərrik 650 at qüvvəsi və 800 Nm fırlanma anı təklif edir, Marsien modelində isə onun hasilatı 750 at qüvvəsi və 930 Nm fırlanma anı təşkil edir. Opsional Stage 2 paketi hasilatı 830 at qüvvəsinə qədər artırır. Avtomobil 100 km/saat həddinə 2,6 saniyəyə sürətlənir ki, bu da donorun göstəricisindən 0,1 saniyə yeyindir. Marsien modelinin maksimal sürəti 330 km/saat həddinə məhdudlaşdırılıb. Bu göstəricilər asfalt təkərləri ilə təchiz edilmiş superkara aiddir.
Artan güc istiliyin mərkəzi radiatordan uzaqlaşdırılması sisteminin yenidən nəzərdən keçirilməsini, PDK transmissiyanın gücləndirilməsini və Cayenne modelindən götürülmüş birləşmələri olan uzadılmış ötürmə vallarının quraşdırmasını tələb edib.
Superkarın asqısı KW Automotive şirkətinin komponentlərindən yığılıb, üstəlik cütlənmiş köndələn qolları olan ön asqı yenidən hazırlanıbdır. Amortizatorlar - sıxılma və qaytarma səviyyələrinin adaptiv nəzarətinə malikdirlər. Avtomobilin klirensi 120-250 millimetr aralığında tənzimlənir. Hərəkət rejimləri siyahısına dörd ofroud rejimi əlavə edilib: “Çınqıl”, “Palçıq”, “Qum” və “Qar”.
Marsien modelinin dizaynı üzərində Alan Derozye işləyib. Dizayner Dakarda yarışan Porsche 959 modelindən ilham aldığını bildirir. Superkarın kuzovu tamamilə karbonplasikdəndir, yeni LED işıq texnikası isə, GERG Lighthouse firması tərəfindən hazırlanıb. Avtomobilin aerodinamikası əla olmalıdır: bu vəzifəni LMP1, Formula E və Formula 1 bolidlərinin istehsalında 20 illik təcrübəyə malik olan KLK şirkətinə həvalə ediblər.
Ümumilikdə, Mark Philip Gemballa Marsien superkarını 50 nüsxəlik tirajla buraxmağı planlaşdırır. Launch Edition seriyasından olan ilk on avtomobil və əsas tirajın əksər hissəsi artıq satılıb. Superkarın başlangıc qiyməti 495.000 avrodur. Əslində, bu Porsche 911 Turbo S modelinin Marsien superkarına çevrilməsinin dəyəridir, donorun qiyməti isə bu məbləğə daxil deyil.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.