Britaniyanın CCA hərrac evi 1985-ci ildə buraxılmış və odometrində 286 min kilometrlik yürüş olan, lakin son 26 ildə hərəkətsiz qalmış Audi Quattro Turbo modelini hərraca çıxarıb. Avtomobilin şəkilləri bu müddət ərzində baş verənləri açıq şəkildə nümayiş etdirir: idman avtomobilinin vəziyyətinin ideal olduğunu söyləmək olmaz. Buna görə də, onun satışından 8-10 min funt sterliq əldə etmək planlaşdırılır.
Audi Quattro Turbo modeli 1980 - 1991-ci illər arasında istehsal edilib və 11,000 nüsxədə satılıb. Avropa spesifikasiyasında olan avtomobillər 200 at qüvvəsi və 287 Nm fırlanma anı hasil edən 2,1-litrlik beşsilindrli turbomühərrik və beş pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilirdilər. 1987-ci ildən avtomobilə 2,2-litrlik mühərriki, 1989-cu ildən isə, eyni mühərrikin yuxarıda yerləşən iki paylayıcı valı olan və 220 at qüvvəsi hasil edən modifikasiyasını quraşdırılmağa başlayıblar.
Satışa çıxarılan Quattro Turbo modelinin 1985-ci ildə istehsal edildiyini nəzərə alsaq, onun kapotunun altında 2,1-litrlik beşsilindrli mühərrikin yerləşdiyini söyləmək olar. Pasport göstəricilərinə görə, belə avtomobil 100 km/saat həddinə 7.1 saniyəyə sürətlənir və 220 km/saatlıq maksimal sürət həddinə malikdir.
Bununla belə, satıcı nə mühərrikin, nə də ötürmələr qutusunun işinə zəmanət verə bilmir - avtomobili işə salmağa belə cəhd göstərilməyib. Aşağı qiymətin səbəbi də elə bundadır: çünki kuzovun və interyerin yenilənməsi, eyni zamanda bütün elektrik sisteminin yoxlanması tələb olunur.
1981-ci ildə jurnalistlər Audi Quattro modelinin idarəetməsi və ehtiraslı xarakterinə heyran qaldıqlarını bildirmiş, həmçinin 14.500 funt sterlinqə satılan avtomobilin bazardakı ən yaxşı təklif sayıla biləcəyini qeyd etmişdilər. Müqayisə üçün, o zaman, Jaguar XJS V12 və ya BMW 6 Series Coupe modelləri Quattro Turbo kupesindən beş min funt sterliq baha satılırdılar.