Britaniyanın The Telegraph və Daily Mail tabloidlərinin jurnalistləri 28 milyon dollarlıq qiymətə malik olan unikal Rolls-Royce Boat Tail sahibləri haqqında məlumat əldə ediblər. Nəşrlərin bildirdiyinə görə, nümayiş edilmiş kabriolet müğənni Beyonsa və onun əri repçi Jay-Z-ə məxsusdur.
Həm Rolls-Royce, həm də ulduz cütlüyün nümayəndələri şərh verməkdən imtina ediblər, lakin KİV-lər insayder məlumatını dəlil kimi göstərirlər. Üstəlik, Boat Tail kabrioletinin evli cütlüyün xüsusi sifarişi ilə hazırlandığı faktını Rolls-Royce şirkətinin mətbuat xidməti öz açıqlamasında təsdiqləyir.
Modelin təsvirində onun sahibinin Armand de Brignac şampanına üstünlük verdiyini və bunun repçi Jay-Z-yə ilk işarə olduğunu söyləmək olar, çünki musiqiçi adı çəkilən şərabın istehsalçısı olan şirkətin ortaq sahibidir.
Daily Mail nəşrinin yazdığına görə, Rolls-Royce Boat Tail interyerinin mavi çaları Beyons və Jay-Z-nin böyük qızının şərəfinə Blue Ivy adını daşıyır. Nəhayət, hər iki musiqiçi mühərrik bölməsinin qapağına öz imzalarını atıblar – jurnalistlərə bu barədə məlumatı Rolls-Royce şirkətinin daxilindəki mənbə verib.
Maraqlı tərəflər şərh verməkdən imtina ediblər, bu səbəbdən ingilis jurnalistlərinin insayder məlumatı hələlik təsdiqlənməyib. Rolls-Royce Boat Tail haqqında daha ətraflı məlumat, kabrioletin 8 iyun tarixində keçiriləcək rəsmi təqdimatında açıqlanacaqdır.
Böyük ehtimalla, tədbir zamanı digər iki Boat Tail modelinin dizaynı açıqlanacaq və avtomobillərin texniki xüsusiyyətləri təsdiqini tapacaqdır.