Mercedes-Benz şirkəti rəsmi olaraq dördüncü nəsil GLE modelini təqdim edib. Yeni ofrouder MRA (Modular Rear Architecture) platforması ilə ümumi cəhətlərə malik olan MHA (Modular High Architecture) modul platformasında inşa edilibdir.
Yeni ofrouder sələfindən geniş olmalıdır. Dördüncü nəsil GLE modelinin təkər bazası 80 millimetr artaraq 2995 millimetrə bərabər olub. Geniş baza arxa ayaqlar zonasındakı məkanın 69 millimetr artmasına səbəb olub. Eyni zamanda, arxa oturacaqları uzununa 100 millimetrlik diapazonda hərəkət etdirmək mümkündür. İkinci cərgənin oturacaqlarının kürək hissəsi də tənzimlənir. Əlavə ödənişlə üçüncü cərgəni də sifariş etmək olar.
Yeni krossoverin ön panelində virtual cihazlar panelini və MBUX multimedia sisteminin 12,3-düymlük sensorlu displeyini ümumi şüşə altında birləşdirən iri “planşet” quraşdırılıbdır. Xatırladaq ki, MBUX sistemini jestlər və səslə idarə etmək mümkündür. Bununla yanaşı, MBUX sisteminə smartfonlar üçün Mercedes Me tətbiqləri də əlavə edilib.
Virtual cihazlar paneli dörd rejimə malikdir: “Müasir klassika”, qara-sarı elementləri olan “Sport”, rəqəmsal tərtibatlı “Proqressiv” və minimal məlumatı əks etdirən “Təmkinli” rejim. Üstəlik sürücü rəngli proyeksiya displeyindən də istifadə edə bilər.
Artıq qeyd etdiyimiz kimi, yeni nəsil Mercedes-Benz GLE modeli E-Active Body Control sistemini əldə edən ilk Mercedes avtomobili olub. Bu sistemdə pnevmodayaqlar güclü hidravlika ilə birləşdirilibdir. Bu sistemi sifarişlə altı və səkkiz silindrli modellərə quraşdırmaq olar. Yeni sistem amortizatordakı elektrik mühərriklərini qidalandıran 48 voltluq elektrik şəbəkəsinin mövcudluğunu tələb edir.
Daha bir yenilik E-ABC sistemidir ki, bu sistem nəinki döngələrdə yana əyilmələrin qarşısını alır, o, eyni zamanda, əyləcləmə və ya sürətlənmə zamanı kuzovun stabil qalmasını təmin edir. Stereokameralarla təchiz edilmiş modellərdə elektronika əvvəlcədən yol şəraitinə uyğunlaşa da bilir, üstəlik, döngələrdə kuzovu döngənin daxilinə döğru əyir. Standart olaraq yeni model adi yaylı asqı ilə təchiz edilir. Alternativ olaraq, ADS+ sisteminin aktiv amortizatorlarına malik olan ənənəvi pnevmoasqı təklif edilir.
Dördüncü nəsil Mercedes-Benz GLE modelinin mühərrik çeşidinə dörd, altı və səkkiz silindrli mühərriklər daxil edilibdir. Hələlik, onlardan biri haqqında məlumat açıqlanıb. Bu Mercedes-Benz GLE 450 4Matic modelinin kapotu altında yerləşdirilən 3,0-litrlik siralı altı silindrli mühərrikdir. Güc aqreqatı 367 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edir.EQ Boost “yumşaq” hibrid sistemi isə, güc qurğusunu əlavə 22 at qüvvəsi və 200 Nm ilə təmin edir.
Sonradan avtomobilin məişət şəbəkəsindən qidalanan hibrid modifikasiyaları da təklif ediləcəkdir. Bütün güc aqreqatları standart olaraq doqquz diapazonlu 9G-Tronic avtomatik transmissiyası ilə təchiz ediləcəkdirlər. Tam çəkiş sistemi isə mühərrikdən asılı olaraq fərqlənəcəkdir. Məsələn, dörd silindrli modifikasiyalar fırlanma anını 50:50 nisbətində bölüşdürən oxlararası differensialı olan tam çəkiş sistemi ilə təchiz ediləcəkdir.
Avtomobilin yolsuzluq imkanlarını artırmağa qapanmanı təqlid edən elektronika yardım edəcəkdir – yerində fırlanan təkər əyləc vasitəsi ilə dayandırılacaqdır. Altısilindrli modifikasiyalar isə, ön oxu rəvan şəkildə qoşan və elektronika idarə edilən çoxdiskli muftaya sahib olacaqdırlar. Ağır yolsuzluqda sistem ön oxun sərt şəkildə qoşulamsını da təmin edəcəkdir. Üstəlik, belə transmissiyaya malik olan avtomobillər aşağı ötürmə pilləsi ilə də təchiz ediləcəkdirlər.
Yeni Mercedes-Benz GLE modeli effektiv aerodinamikaya malikdir. 0,29 əmsalına sahib olan avtomobil bu göstərici üzrə sinfinin lideridir. Yaxşı göstəricini əldə etmək üçün Mercedes mühəndisləri bir sıra fəndlər tətbiq ediblər. Məsələn, mühərrikə güclü soyutma tələb edilmədikdə xüsusi mexanizm radiator barmaqlığını “örtür”.
Avtomobilin altlığı yastı lövhələr ilə örtülmüş, bütün təkərlərin önündə elastik spoylerlər, arxa hissədə isə xüsusi diffuzor quraşdırılmışdır. Hətta, təkər disklərinin forması və şinlərin protektoru da aerodinamika nöqteyi-nəzərindən təkmilləşdirilmişdirlər. Xatırladaq ki, cari nəsil GLE modelinin aerodinamik əmsalı 0,32-dir.
Yeni nəsil GLE modelinin avadanlıq siyahısına hərəkətin təhlükəsizliyini təmin edən çoxsaylı elektron yardımçılar daxil edilibdir. Məsələn, aktiv kruiz-kontrol irəlidə tıxac olduqda avtomatik olaraq sürəti 100 km/saata qədər azaldır. Ehtiyac olarsa avtoəyləcləmə sistemi avtomobili tam dayandıra da bilər. Təcili əyləcləmə sistemi sola dönmə zamanı əks istiqamətdən gələn nəqliyyatı aşkar edərsə, qəzanın qarşısını almaq üçün əyləcləri aktivləşdirmək funksiyasına da malikdir.
“Tıxac avtopilotu” isə təcili yardım, yanğınsöndürmə və ya polis avtomobilinə yol açmaq üçün, avtomatik olaraq, avtomobili zolağın kənarına “sıxacaqdır”. Yeni nəsil Mercedes-Benz GLE modelinin kütləvi təqdimatı oktyabr ayında Parisdə keçiriləcək avtosalonda baş tutacaqdır. ABŞ-ın Tuskaluzedəki zavodunda istehsal ediləcək avtomobilin satışlarına 2019-cu ilin əvvəlində başlanacaqdır.