Rusiya İstintaq Komitəsi keçən il mayın 5-də Şeremetyevo Hava limanında baş vermiş qəzanın istintaqının bitdiyini, təyyarəni idarə edən kapitan pilot Denis Yevdakimovun məhkəmə qarşısında cavab verəcəyini bildirib.
Komitənin nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, kapitanın çox sərt eniş etməsi, ardınca da onun qaydalara zidd hərəkətləri təyyarənin alışmasına gətirib çıxarıb. O, bildirib ki, eyni zamanda nəzarət qülləsinin əməkdaşlarının və xilasedicilərin hərəkətləri də incələnib və onlar bu faciəni yaracaq səhvə yol verməyiblər.
Petrenko qara qutudan alınan məlumatların Yevdakimovun hərəkətlərini təsdiqlədiyini, pilotun hadisə ilə bağlı verdiyi ifadə ilə üst-üstə düşmədiyini deyib. Məsələyə bundan sonra Rusiya Baş Prokurorluğu baxacaq.
Xatırladaq ki, Moskva - Murmansk xətti üzrə 1492 nömrəli uçuşu yerinə yetirən yerli Sukhoi Superjet 100 təyyarəsində qalxışdan bir qədər sonra elektrik sistemlərdə problemlər meydana gəlmiş, pilot təcili eniş üçün geri qayıtmalı olmuşdu. Lakin eniş normadan dəfələrlə sərt olmuş, nəticədə təyyarə alışmışdı. İçəridə olan 78 nəfərdən 41 nəfərini təxliyə etmək mümkün olmamış və onlar həyatlarını itirmişdilər. Daha 10 nəfər isə yaralanmışdı.