Unikal Aston Martin Bulldog superkarı ilk dəfə olaraq 330 km/saat həddini toplayıb. Avtomobilin bərpasına bir il yarım sərf edilib və yəqin ki, sahibinə böyük məbləğə başa gəlib. Bərpa işlərinə 1981-1991-ci illərdə Aston Martin şirkətinin idarə heyətinin sədri vəzifəsində çalışmış Viktor Qauntlettin oğlu Riçard Qauntlett rəhbərlik edib. Qəribədir ki, layihənin çox baha başa gəldiyini nəzərə alaraq “Bulldoq” modelini seriyaya buraxmaqdan imtina edən məhz Viktor Qauntlett olub.
70-ci illərin sonlarında yaradılan Aston Martin Bulldog ümumiyyətlə seriyaya getməyib. Rəhbərlik layihənin özünü ödəməyəcəyini hesab edib və ona görə də paz formalı kupenin yeganə nüsxəsini Yaxın Şərqdən olan kolleksiyaçıya satıb.
Uzun illərdən sonra avtomobil Asiyada peyda olub. Avtomobilin yeni sahibi amerikalı Filip Sarofim, 1981-ci ildə Aston Martin idarə heyətinin sədri vəzifəsini icra edən Viktor Qauntlettin (müasir Aston Martin Victor kupesi məhz onun şərəfinə belə adlandırılıb) oğlu Riçard Qauntletti cəlb edərək, Bulldog modelinə əvvəlki əzəmətini qaytarmaq qərarına gəlib.
Bərpa prosesi 18 ay çəkib. Çalışmaların məqsədi təkcə avtomobili zəriflik müsabiqələrinin ulduzuna çevirmək deyil, həm də onu yüksək sürət toplamaq cəhdinə hazırlamaq olub. Xatırladaq ki, Bulldog modelinin üzərində çalışmaların başladığı anda Aston Martin nümayəndələri Bulldog modelinin 200 mil/saata (322 km/saat) sürətlənəcəyindən əmin olduqlarını bildirmişdilər, lakin o zaman bunu praktikada təsdiqləmək mümkün olmamışdı.
1979-cu ildə MIRA sınaq poliqonunda avtomobil cəmi 191 mil/saat (307 km/saat) sürətini toplaya bilib. İndi isə, tarixi ədalətsizlik aradan qaldırılıb. NATO ittifaqının Şotlandiyadakı keçmiş aviabazasının uçuş-enmə zolağında “Buldoq” 205,4 mil/saata, yəni saatda 330,56 kilometrə qədər sürətlənib.
Bulldog 5,3-litrlikj V8 biturbo mühərriki ilə təchiz edilib, əslində bu aqreqat Aston Martin şirkətinin kompressorlu qurğularla apardığı ilk təcrübə olub. Turbomühərrikin hasilatı 608 at qüvvəsi və 678 Nm fırlanma anı təşkil edir.
Kuzovun aerodinamik müqavimət əmsalı 0,34-ə bərabərdir. Avtomobilin beş fənəri, tutacaqları olmayan qağayı qanadı üslubunda qapıları var. Onun eksteryer dizaynı isə, düz xətlərin və kəskin künclər toplusudur.
Seriya superkarının təxminən 2,2 milyon dollara başa gələcəyi güman edilirdi, lakin Bulldog ilk sahibinə daha sərfəli qiymətə başa gəlib – o, avtomobil üçün cəmi 100 min dollar ödəyib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.