RM Sotheby’s hərracında yapon markasının tarixindəki ən bahalı Toyota modellərindən birinin satışı başa çatıb. Amerikalı pilot Otto Lintonun sahib olduğu əfsanəvi 2000GT kupesi 912.000 dollara satılıb.
Toyota şirkəti 1967-1970 illər arasında 2000GT modelini 351 nüsxəlik tirajla buraxıb ki, bunlardan 62 nüsxəsi sükanı solda yerləşən avtomobillər olub. RM Sotheby's evinin hərraca çıxardığı kupe, ilk partiyaya aiddir və orijinal rəngini qorunub saxlayıb. Məşhur avtoidman yarışçısı və kolleksiyaçısı Otto Linton 30 il ərzində bu avtomobilin sahibi olub.
2000GT modeli, Toyota və Yamaha şirkətlərinin əməkdaşlığının məhsuludur. Toyota mühəndisləri avtomobilin dizaynını, 150 at qüvvəli 2,0-litrlik sıralı altısilindrli mühərrikinı, 5-pilləli mexaniki transmissiyasını hazırlayaraq, kupenin yığılmasına və başa çatdırılmasına nəzarət ediblər. Yamaha mütəxəssisləri isə şassi və interyerə cavabdeh olublar.
Toyota 2000GT kupesi yapon markasının bütün təkərlərin disk əyləci və ikiqollu asqı sistemi ilə təchiz edilmiş ilk modeli olub. Bu kupenin əsas cəhəti qırmızı ağacdan hazırlanmış dekoru, dəri oturacaqları və əl ilə yerləşdirilmiş panelləri olan dəbdəbəli salonudur.
Avtomobilin müasirləri 2000GT modelini qəbul etməyiblər: yapon sportkarı həddən ziyadə yüksək qiymətinə görə tənqidə məruz qalıb (ABŞ-da kupe Porsche 911-dən daha baha idi) və bu səbəbdən də, model kütləvi olmayıb. Qeyd etmək gərəkdir ki, bu layihə Toyota şirkətinə baha başa gəlib. Lakin, yarım əsr sonra, 2000GT kupesi markanın ən qiymətli modellərindən birinə çevrilib. Təsəvvür edin ki, 2013-cü ildə bənzər kupe hərracda 1,2 milyon dollara satılıb!