Porsche şirkəti Kaliforniyada keçirilən Rennsport Reunion festivalı çərçivəsində əfsanəvi 935/78 “Mobi Dik” modelinin müasir variantını təqdim edib. Yeni avtomobili Porsche 911 GT2 RS sportkarının bazasında inşa ediblər. Yeni sportkarın kuzovu fibrplastikdən hazırlanıb. Avtomobil 919 Hybrid və 911 GT3 R modellərinin eksteryer detallarını da əldə edibdir.
Yeni Porsche 935 modelinin uzunluğu 4870, eni isə 2030 millimetrdir. Sportkar, bazasında inşa edildiyi 911 GT2 RS modelindən 321 millimetr uzun və 150 millimetr enlidir. Porsche 935 modelinin aerodinamik elementlərinin əksər hissəsi müasir və klassik yarış avtomobillərindən götürülübdür. Məsələn, təkər tağlarında olan havalandırma kəsikləri Porsche 911 GT3 R modelində olduğu kimidir.
Avtomobilin qırmızı aeridinamik təkər qapaqları orijinal 935/78 modelinin, işıqdiodlarından stop-siqnalları isə 919 Hybrid sportprototipinin üslubunda hazırlanıb. Sportkarın yan güzgüləri mövcud olan 911 RSR yarış avtomobilindən götürülübdür. Titandan düzəldilmiş buraxılış sistemi isə Porsche 908 modelindəki kimidir. Sportkarın salon elementləri isə 911 GT3 R və 917 prototipindən götürülübdür.
Porsche 935 sportkarı GT2 RS modelindən alınmış 3,8-litrlik iki turbokompressorlu oppozit mühərriki ilə hərəkətə gəlir.Yeddi pilləli PDK “robotu” ilə tandemdə çalışan güc aqreqatının hasilatı 700 at qüvvəsi və 750 Nm təşkil edir. Modelin təchizatına Porsche Stability Managment (PSM) stabilizasiya sistemi, ayrıca konturları olan əyləc sistemi, öndə 380, arxada isə 355 millimetrlik əyləc diskləri, yüksək sürtünməli differensial, təhlükəsizlik karkası və altınöqtəli kəmərlər daxildir.
Porsche 935 sportkarının qiyməti vergilər nəzərə alınmadan 701948 avro təşkil edir. İlk avtomobillər 2019-cu ilin iyununda müştərilərə təhvil veriləcəkdir.