GT4 indeksinə malik olan Porsche 718 Cayman ekstremal idman avtomobili ona çox da uyğun olmayan mexaniki ötürmələr qutusu ilə təchiz edilir - qutunun pillələrinin çox “uzun” olması işləri korlayır.
718 və 911 layihələrinin meneceri Frank-Şteffen Vallizerin “Which Car” nəşrinə verdiyi müsahibədə, Porsche 718 Cayman GT4 modelinin çox “uzun” pillələri aldığını bildirib. Modelin təchiz olunduğu 6-pilləli mexaniki transmissiya, artıq üçüncü pillədə məhdudlaşdırıcıya qədər sürətlənməyə imkan verir. "Məni səhv anlamayın, amma bu köhnə modelin ötürmələr qutusudur və texniki cəhətdən onun pillələrini “qısaltmaq" mümkün deyil, çünki vallarda kifayət qədər yer yoxdur", - Vallizer qeyd edib. "Çox istərdik ki, pillələr bir az "qısa" olsunlar, amma çıxış yolumuz yox idi. Problem bu il həll ediləcəkdir", – menecer bildirib.
Çox güman ki, Porsche 718 və 911 layihələrinin meneceri yeni 7-pilləli PDK “robotunu” nəzərdə tutur. Qutudakı əlavə bir dişli çarx, ötürmə nisbətlərini azaldaraq, Cayman GT4 modelinin daha çevik sürətlənməsini təmin edəcəkdir. Kupenin əvvəlkindən 0,2-0,3 saniyə yeyin olacağı gözlənilir.
Satışlar başlayandan bəri, 420 at qüvvəli 4,0-litrlik atmosfer mühərriki ilə təchiz edilmiş 718 xəttindən olan arxa ötürməli idman avtomobilləri yalnız 6-pilləli mexaniki transmissiya ilə komplektləşdirilirlər. Lakin, 2020-ci ilin sonundan etibarən onları 7-pilləli PDK "robotu" ilə əldə etmək mümkün olacaqdır.