Braziliyanın aşağı büdcəli hava yolu şirkəti Gol Airlines Boeing-lə yeni razılığa gəldiklərini açıqlayıb. Razılığa əsasən, 737 MAX üçün edilən sifarişlərin sayı azaldılıb və amerikanlar Gol-a 1 ildən artıqdır ki, uçma icazəsi olmayan bu təyyarələrə görə təzminat ödəyəcək.
Təyyarə parkı tamamilə 737 model təyyarələrdən ibarət olan şirkətdən dünən edilən açıqlamada bildirilib ki, 129 ədəd olan 737 MAX sifarişlərinin sayı 94-ə endirilib. Gol-un rəhbəri Paulo Kakinoff bu razılıqların şirkətlər arasındakı uzunmüddətli tərəfdaşlığa köməklik edəcəyini deyib. Braziliyalıların Boeing-dən təhvil aldıqları MAX sayı 7-dir və bu təyyarələr bir ildən artıqdır ki, uçmur. Uçuş üçün sertifikatın yenidən nə vaxt veriləcəyi isə ümumiyyətlə, məlum deyil.
Şirkəti bu addımları atmağa vadar edən amillərdən biri də, koronavirus pandemiyasına görə ölkədə martın ortasından etibarən uçuşlara məhdudiyyətlər qoyulmasıdır. Hazırda beynəlxalq uçuşlara icazə verilməsə də, ölkədaxili 27 əyalətin paytaxtı və 19 böyük şəhər arasında az sayda uçuşlar var. Pandemiyadan əvvəl hər gün orta hesabla 750 uçuş həyata keçirən şirkət indi bu sayı 50-ə salmaq məcburiyyətində qalıb. Başqa bir sözlə, şirkət 130-a yaxın təyyarəsindən sadəcə 7-si ilə xidmət göstərir.
Boeing tərəfindən verilən açıqlamada isə bildirilir ki, martın əvvəllərindən bəri 150 ədəd 737 MAX təyyarəsinə imtina gəlib. Gol-un imtina etdiyi 34 təyyarədən əlavə, 5 ədəd Çexiyanın Smartwings-in, 36 ədəd isə adları açıqlanmayan digər şirkətlərin payına düşür. Avolon lizinq şirkəti də 75 təyyarədən imtina etdiyini daha əvvəl elan etmişdi.