Bu günlərdə Bakıda, Babək prospektində yerləşən Baku Auto Mall avtomobillərin satışı mərkəzində maraqlı tədbir baş tutub. Tədbirin qəhrəmanları 80 gün ərzində dünya səyahətinə çıxmış komandanın üzvləri olub.
Yerli avtomobil jurnalist və bloggerləri ilə öz sərgüzəştlərini məşhur yazıcı Jül Vernin “80 gün dünya ətrafında” əsərinin qəhrəmanları Fileas Foq və Paspartunun macəralarını təkrarlamaq qərarına gəlmiş Rafael de Mestre və Zdenek bölüşüblər. Ən maraqlısı odur ki, bu ilin 24 aprel 2024-cü il tarixində start götürmüş rallidə Zdenekin ailəsi – həyat yoldaşı və iki övladı də iştirak edib.
“80edays” sadəcə dünya ətrafında bir səyahət deyil, əslində ətraf mühiti necə qorumağı göstərən və qabaqcıl texnologiyaların nümayişini ehtiva edən dayanıqlı və ekoloji nəqliyyata keçidə təkan verən bir missiyadır.
Bu beynəlxalq rallidə yalnız elektrik avtomobilləri iştirak edir və 24 aprel 2024-cü ildə Barselonada start götürən yürüş iştirakçıları ilk mərhələdə İspaniya, Portuqaliya və Mərakeşdə, ikinci mərhələdə isə, ABŞ, Meksika və Kanadada olublar.
Avroasiya qitəsinin fəthinə Çindən başlayan iştirakçılar ciddi problemlərlə üzləşiblər. Çin gömrükçüləri heç bir izahat vermədən onların avtomobillərini qəbul etməkdən imtina ediblər və bir sıra məşəqqətlərdən sonra iştirakçılar Çin, Qazaxsan və Mərkəzi Asiya ölkələrinin ərazisindən keçərək Azərbaycana daxil olublar.
Buradan onlar Gürcüstana, oradan isə, Türkiyə vasitəsi ilə Avropaya qayıtmağı planlaşdırırlar. Ralli 3 noyabr tarixində start götürdüyü Barselonada başa çatmalıdır. Bu müddət ərizndə iştirakçılar altı ölkənin ərazisindən keçərək 20 min kilometr məsafə qət ediblər. Bununla belə, onları qarşıda yeni sərgüzəştlər gözləyir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.