Donald Yenko keçən əsrin ikinci yarısında ABŞ-da təkcə Chevrolet dileri kimi deyil, həm də özünün adını verdiyi Chevrolet Camaro kupesinin hardkor versiyası olan Yenko Camaro modelinin yaradıcısı kimi tanınıb.
Hazırda bu addan eyni məqsədlər üçün kiçik Speciality Vehicle Engineering tərəfindən istifadə olunur. Bu firma hardkor Camaro modellərinin yaradılması ilə də məşhurdur. Lakin, SVE firmasının maraqları bir qədər uzaqlara yayılıb: şirkət yeni layihəni hazırladığını bəyan edib. Yeni avtomobil əzələ kupesi deyil, əzələ pikapıdır.
Chevrolet rəhbərliyinin razılığı ilə SVE firması Silverado pikapının "bərkgedən" versiyasını hazırlayıb. Pikap, Yenko S/C Camaro modeli üçün nəzərdə tutulmuş mühərriklər ilə eyni prinsiplərə əsasən hazırlanmış 6.2-litrlik V8 ilə təchiz edilmişdir. Mühərrikin bəyan edilmiş hasilatı 800 at qüvvəsi və 1000 Nm fırlanma anıdır.
Bundan əlavə, pikap gücləndirilmiş ötürmələr qutusuna, optimallaşdırılmış asqıya və tənzimlənmiş buraxılış sisteminə, 22-düymlük təkər disklərinə və iri Brembo əyləc mexanizmlərinə sahib olub. SVE firması Yeno S/C Silverado pikapının həm mono, həm də tam ötürməli variantlarını təklif etməyi planlaşdırır. Eyni zamanda, Chevrolet dilerləri rəsmi olaraq superpikapın satışında iştirak edəcəklər. SVE firması ekstremal pikapı 50 nüsxəlik tirajla buraxmağı planlaşdırır.