Porsche şirkətinin 991 seriyasından olan 911 Speedster modelini hərracda sataraq, əldə olunan vəsait koronavirusla mübarizə aparan COVID-19 United Way Worldwide fonduna köçürəcəyini yazmışdıq. Dünən RM Sotheby’s hərracında keçirilmiş satışda sportkar 550.000 dollara satılıb.
Yeddinci nəsil Porsche 911 modelinin sonuncusu Heritage Design retro paketi, ağ və gümüş metal GT Silver rəngində kuzovu olan Speedster modelinin xüsusi versiyası olub. İdman avtomobilinin salonu qara və konyak rəngli dərilər ilə üzlənib.
Avtomobil ilə birlikdə, onun sahibi Speedster modelinin interyeri ilə eyni üslubda hazırlanmış 911 Speedster Heritage Design isveçrə xronoqrafı, habelə idman avtomobilinin yığılma prosesinin və konfiqurasiyasının təsvir edildiyi kitabı əldə edəcəkdir. Bundan əlavə, hərracın qalibi üçün Porsche şirkətinin mənzil-qərargahına ekskursiya təşkil ediləcək, avtomobilin açarının təqdim edilməsi isə, Porsche şirkətinin Şimali Amerika şöbəsinin rəhbəri Klaus Zellmerə həvalə olunacaqdır.
Texniki cəhətdən 1948 seriya nömrəsi olan Porsche 911 Speedster, digər idman avtomobillərindən fərqlənmir. Spidster 509 at qüvvəsi hasil edən 4.0-litrlik altısilindrli oppozit mühərriki və 6-pilləli mexaniki transmissiya ilə təchiz edilir., Ötürmə - arxa oxadır.