Almaniyanın Lufthansa Technik şirkəti sərnişin və uçuş sayının kəskin azaldığı bu pandemiya dövründə müştərilərindən birinin istəyini yerinə yetirib və Airbus A380 təyyarəsini yük təyyarəsinə uyğun modifikasiya edib.

Şirkət bildirib ki, eyni dəyişikliyi A330 və A350 tipli təyyarələrə də tətbiq etmək mümkündür və sifarişləri çoxdur. Modifikasiya zamanı oturacaqlar sökülür və yükləri sabit saxlamaq üçün olan qurğular bərkidilir. Lakin Lufthansa Technik onu da qeyd edib ki, sertifikatlaşdırma işi üçün bir qədər gözləmək lazım gəlir. 

Qeyd edək ki, Airbus 2005-ci ilə A380 Freighter yük təyyarəsi barədə məlumat vermişdi və diqqətləri cəlb etmişdi. Hətta sifarişlər barədə ilkin razılıqlar da olmasına baxmayaraq, sonradan bu nəhəng təyyarənin karqo versiyasının istehsal proqramı ləğv edilmişdi. Hazırki vəziyyət göstərir ki, biz dünyanın ən böyük sərnişin təyyarəsini bundan sonra, ancaq yük daşıma xidmətini yerinə yetirən zaman görə biləcəyik...