Abarth bölməsi, 595 hetçbekinin Fiat-Abarth Formula Italia bolidinin 50 illiyinə və italyan markasının eksklüziv mühərrik tədarükçüsü və baş sponsor kimi dəstəklədiyi FIA Formula 4 yarış seriyasına həsr olunmuş yeni F595 versiyasını təqdim edib. Abarth F595 nəşri adi Abarth 595 Turismo modelindən ilk növbədə bir sıra kosmetik təkmilləşdirmələr və yeni Record Monza Sovrapposto buraxılış sistemi ilə fərqlənir.
595 Turismo modeli kimi, xüsusi Abarth F595 versiyası da 165 at qüvvəsi və 230 Nm fırlanma anı hasil edən 1.4 T-Jet “turbodördlüyü”, beş pilləli mexaniki ötürmələr qutusu və ya sükanaltı dəstəkləri olan “robot” ilə təchiz edilir. Yeni hetçbekin qalan hissələri gənclərə ünvanlanmış 595 Pista modeli ilə eynidir.
F595 modelinin təchizatına Koni FSD amortizatorları, ön tərəfində 284 millimetrlik, arxada isə 240 millimetrlik əyləc diskləri, şaquli quraşdırılmış çıxış boruları olan Record Monza aktiv səsboğucu sistem daxildir.
Salondakı Scorpion düyməsi vasitəsi ilə buraxılış sisteminin iki səs səviyyəsindən birini seçmək olar. Bu profil həmçinin maksimal dartma gücünə, sükan gücləndiricisinin tənzimləmələrinə və qaz pedalının reaksiyasına da təsir edir.
Abarth F595 modeli 100 km/saat həddinə sürətlənməyə 7.3-7.4 saniyə sərf edir, 80-dən 120 km/saata sürətlənmə isə 7.8 saniyə çəkir. Maksimal sürət həddi əvvəlki kimi 218 km/saatda məhdudlaşdırılıb. Dəri örtüklü sükan və idman oturacaqlarını standart təchizata daxildir. Sabelt yarış kresloları əlavə ödənişlə quraşdırılır.
Salondakı yeniliklər mərkəzi ekranın çərçivəsindən və ön panelin tutqun örtüyündən ibarətdir. Kuzovdakı Rally Blue rəngli haşiyələri Race White, Campovolo Grey, Track Grey, Scorpion Black, Record Grey və Tarmac Grey rəngləri ilə uyğunlaşdırmaq olar. Hetçbek 17-düymlük disklər ilə təklif olunur. İngiltərədə Abarth F595 modelinin qiyməti 20.305 ilə 24.305 funt sterlinq arasındadır ki, bu da adi 595 Turismo modelində olduğundan bir qədər azdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.