ABŞ-da işlənmiş Bentley və Rolls-Royce avtomobillərinə olan tələbat ən azı iki dəfə artıb. Automotive News Europe nəşrinin bildirdiyinə görə, 2021-ci ildə Rolls- Royce avtomobillərinin ümumi satış həcmində istifadə olunmuş modellərin payı 33 faizdən 75 faizə qədər yüksəlib, Bentley markasının işlənmiş avtomobillərinin satışları isə, təkcə yanvar-may aylarında 150 faiz artıb. Bunun qənaət etmək arzusu ilə heç bir əlaqəsi yoxdur – sadəcə, varlı alıcıların əksəriyyəti yeni avtomobilləri aylarla gözləməyə hazır deyillər.
Automotive News Europe nəşrinin bildirdiyinə görə, işlənmiş avtomobillərin qiymətinin artması qlobal tendensiyadır. Bunun səbəblərindən biri, yeni avtomobillərin istehsalının azalmasıdır. Lakin ikinci əl bazarında lüks avtomobillərə olan böyük tələbat yenilərinin çatışmazlığı ilə əlaqəli deyil.
İmkanlı alıcılar artıq fərdi sifarişlər üzrə yığılmış avtomobilləri aylarla gözləmək istəmirlər – “bir dəfə yaşayırıq” prinsipini rəhbər tutan imkanlı alıcılar rəng və avadanlıqla bağlı güzəştə gedərək, Bentley və Rolls-Royce avtomobillərinə dərhal sahib olmağa üstünlük verirlər.
McLaren superkarlarının satışlarında da artım yoxdur, ancaq bu dilerlərin anbarlarında avtomobillərin olmaması ilə əlaqədardır - sertifikatlaşdırılmış diler mərkəzləri istifadə olunmuş avtomobilləri yenilərindən daha tez və bəzi hallarda hətta daha baha satırlar. Məsələn, McLaren şirkətinin Şimali Amerika ofisinin top meneceri Nik Braun istifadə olunmuş 765LT kupesinin yenisindən 40% daha bahalı olduğunu söyləyir.
Lüks modellərin və eksklüziv superkarların istehsalçıları ən azı altı ay müddətinə olan sifarişləri əvvəlcədən toplayıblar. Bu səbəbdən də yeni modeli sifariş etmək istəyənlər, onu əvvəlkindən daha çox gözləməli olurlar ki, bu da hamı üçün uyğun deyil.
Son zamanlara qədər, istifadə olunmuş Rolls-Royce Wraith və ya Ghost modelləri beş il ərzində dəyərlərinin 40-45 faizini itirirdilərsə, artıq daha yeni modellərin qiymət itirməsi bu qədər böyük olmaya da bilər.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.