Volkswagen şirkətinin Amerika nümayəndəliyi növbəti, üçüncü nəsil Tiguan krossoverinin reklam kampaniyasının aktiv mərhələsinə keçib. Modelin təqimatı noyabrın 20-də baş tutmalıdır və yenilik ayın sonunda Los-Anceles avtosalonunda ictimaiyyətə təqdim olunacaq. Ən son tizerdə yeniliyin arxa fənəri göstərilir ki, bu şəkil əvvəllər səsləndirilmiş fərziyyəni təsdiqləyir – ABŞ-da debüt edəcək yeni Tuguan krossoveri Çin bazarında satılan Tayron modelinin büzü dəyişdirilmiş versiyası olacaq.

Sözügedən Tayron krossoveri FAW və Volkswagen birgə müəssisəsinin məhsuludur. O, MQB Evo platformasına əsaslanır və Çində 160 at qüvvəli 1,5-litrlik turbomühərrik, habelə 186 və ya 220 at qüvvəli variantları olan 2,0-litrlik turbo mühərriklə təchiz edilir.
ABŞ bazarı üçün nəzərdə tutulmuş model, Volkswagen şirkətinin əvvəllər söz verdiyi kimi, "orijinal üsluba" sahib olacaq və güc aqreqatlarına görə Çində satılan Tayron modelindən fərqlənəcək.

Tizer şəklindən göründüyü kimi, ən azından arxa fənərlər Tayron modelindən amerikan Tiguan krossoverinə dəyişiklik olmadan köçürülüb. Yeganə fərq - "amerikalı" krossoverdə xrom haşiyənin tündləşdirilmiş parlaq zolaqıa əvəz olunmasıdır.
Amerikan Tiguan üçün "donor" uzunbazalı Tayron L modeli olub. Krossoverin salonu yeddi nəfər üçün nəzərdə tutulub və onun təchizatına 10,25-düymlük rəqəmsal cihazlar paneli və multimedia sisteminin 12,9-düymlük ekranı daxildir.

Krossover ətraf işıqlandırmasına, üç zonalı iqlimə nəzarət sisteminə və lyuklu panoram dama malik olacaq. Modelin köməkçi sistemlərinə adaptiv kruiz-kontrol, zolaqda saxlama funksiyası, habelə piyada və velosipedçinin aşkarlanması funksiyasına malik olan avtomatik təcili əyləcləmə sistemi daxildir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.