Əsasən Şimali Amerika bazarı üçün yaradılmış böyük üçsıralı Honda Pilot krossoveri 2002-ci ildə peyda olub. Keçən illər ərzində ofrouder dörd dəfə nəsil dəyişdirib ki, onlardan ən sonuncusu 2022-ci ildə debüt edib. Modelin yüngül planlaşdırılmış yenilənməsinin vaxtı gəlib çatıb və yapon şirkəti vaxt itirmədən restaylinq keçmiş Pilot krossoverini təqdim edib.
Krossoverin xarici görünüşü, təchizatdan asılı olaraq, adi qara, parlaq və ya gümüşü rənglərdə təklif edilən yeni, böyük pətəkləri olan radiator barmaqlığı vasitəsilə təkmilləşdirilib. Yeni bamperlər daha bucaqlıdırlar və güc qorumasını imitasiya edən daha böyük gümüşü örtmələrə sahib olublar.
Damdakı reylinqlər artıq krossoverin bütün versiyalarının standart təchizatına daxildirlər. Kuzovun rəng palitrasına üç yeni boya əlavə edilib. Təkər disklərinin dizaynı yenidən işlənib, top versiyalar isə, qara rəngli xüsusi 20-düymlük təkər disklərini əldə ediblər.
Yenilənmiş Honda Pilot krossoverinin səkkiz yerlik salonunda daha əhəmiyyətli və genişmiqyaslı dəyişikliklərə məruz qalıb. Hətta baza versiyalarında belə, 10,2 düymlük ekranı olan rəqəmsal cihazlar paneli quraşdırılır. Xatırladaq ki, əvvəllər baza versiyaları yalnız analoq panellə təklif edilirdilər.
HMI mediasisteminin displeyinin ölçüsü doqquz düymdən 12,3 düymə qədər artırılıb. Multimedia interfeysinin istifadəçi rahatlığı, fərdiləşdirilməsi və işləmə tezliyi yaxşılaşdırılıb. Bundan başqa, Apple CarPlay və Android Auto protokollarının, Google xidmətlərinin standart simsiz dəstəyi, həmçinin 5G Wi-Fi giriş nöqtəsi əlavə edilib.
Kapotun altında, qapılar və təkər tağlarındakı əlavə səs izolyasiyası və yeni şüşələr sayəsində salondakı ümumi səs-küy səviyyəsi azaldılıb. Yeni, daha yüksək keyfiyyətli daxili tərtibat materialları da bəyan edilib.
Arxa baqaj qapısının elektrik ötürməsi artıq standart avadanlığa daxildir. Elektron sürücü yardım sistemlərinin standart dəstinə toqquşma sonrası avtomatik əyləcləmə sistemi (Post-Collision Braking) əlavə edilib.
Sükanın yenidən tənzimlənmiş elektrik gücləndiricisi daha yüksək dəqiqliyi və idarəetmə şəffaflığını təmin edir. Bundan başqa, sükan çarxının daha dəqiq və tam sıfır mövqeyi də vəd edilir ki, bu da magistral yollarda xüsusilə faydalı olacaq.
Yenilənmiş krossoverdə başqa texniki dəyişikliklər yoxdur. Kapotun altında 10-pilləli “avtomat” ilə tandemdə çalışan 3,5-litrlik V6 (289 at qüvvəsi, 355 Nm) atmosfer mühərriki yerləşir. Baza modelləri ön ötürməli olsalar da, əlavə ödəniş qarşılığında arxa oxu qoşmaq üçün muftası və idarələnən dartma vektoru ilə təchiz olunmuş i-VTM4 transmissiyası əlçatandır.
Honda şirkəti Pilot krossoverinin Kaliforniyada dizayn edilməsi, Ohayoda hazırlanması və Alabamada istehsal olunması ilə xüsusilə fəxr edir. 2006-cı ildən bəri Alabamadakı zavodda 2,5 milyon Pilot krossoveri istehsal olunub. Yenilənmiş dördüncü nəsil Pilot krossoverləri gələn ay ABŞ-dakı dilerlərə çatdırılacaqlar, qiymətlər də həmin vaxt açıqlanacaq. Yenilənmədən əvvəlki modellərin qiyməti 40.200 dollardan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









