BMW 8 Series E31 kupesi 1990-1999-cu illərdə istehsal olunub, lakin ən ekstremal BMW M8 versiyasının yaradılması prosesi başa çatsa da, belə bir versiya buraxılmayıb. Kaliforniyanın Reyn Speed Shop tüninq atelyesi əfsanəvi modeli modernləşdirməklə yanaşı, buraxılmayan M8 modelinə olan öz baxışlarını nümayiş etdirmək qərarına gəliblər. Bunun üçün onlar “səkkizliyi” E60 nəslindən olan BMW M5 sedanının texniki hissəsi ilə calaq ediblər.

858 CSL adlanan restomodun görünüşü üzərində dizayner Con Sibal işləyib. O, təkcə orijinal avtomobildən deyil, həm də digər məşhur BMW modellərindən ilham alıb. Məsələn, bamperlərin üslubu və spoyler inteqrasiya edilmiş baqaj qapağı M3 CSL (E46)  kupesindən götürülüb. Güclü şəkildə genişləndirilmiş təkər tağları və yan tərəf M3 (E30) yarış prototiplərini xatırladır. Nəhayət, çoxmilli təkər disklərinin dizaynı BMW Alpina modellərindən ilham alınaraq yaradılıb.

8 Series kupesinin  xarici kuzov panellərinin əksəriyyəti karbonplastikdən yeni panellər illə əvəz edilib ki, bu da təxminən 300 kiloqrama qədər çəkiyə qənaət etməyə imkan verib. Yeni tam LED fənərlər qabarit işıqlarının bölmələrində yerləşdiriliblər, yuxarı qalxan optikanın əvəzinə isə, kapotda əlavə hava kanalları quraşdırılıb.

Salon ümumilikdə orijinal avtomobildən götürülüb, lakin ona E60 nəslindən olan BMW 5 Series sedanının bir sıra elementləri inteqrasiya edilib. Buraya sükan çarxı, cihazlar paneli, klimat-kontrol bloku, həmçinin bir çox düymələr və tumblerlər daxildir. Lakin mexaniki tənzimləmələri olan oturacaqlar BMW M3 (E36) modelindən götürülüb: bu, artıq çəkiyə qarşı mübarizə və ağırlıq mərkəzinin aşağı salınması ilə izah olunur. Ümumiyyətlə, interyer adi dəri və alkantara ilə üzlənib.

Əgər orijinal 8 Series modeli V8 və V12 mühərrikləri ilə təchiz edilirdisə, restomod BMW M5 (E60) sedanından götürülmüş çılğın V10 atmosfer mühərrikini alıb. 5,0-litrlik mühərrik 8250 dövr/dəqiqəyə qədər fırlanır və 507 at qüvvəsi hasil edir.

Lakin 858 CSL layihəsi üçün onun həcmi 5,8 litrə qədər artırılıb ki, bu da restomodun indeksində əks olunub. Nəticədə, mühərrik 620 at qüvvəsi və 663 Nm hasil edir. O, altı pilləli mexaniki transmissiya ilə tandemdə çalışır: E60 nəslinin üçpedallı BMW M5 modeli məhz ABŞ bazarı üçün hazırlanmışdı.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Asqı və sükan mexanizmi də BMW M5 (E60) modelindən götürülüb, lakin zavod dayaqları Moton firmasının elementləri ilə əvəz edilib. Brembo əyləc sistemi karbon-keramika disklərə, öndə altıporşenli və arxada dördporşenli supportlara malikdir.

858 CSL restomod yeganə nüsxədə mövcuddur və Reyn Speed Shop onun inşasına dörd il sərf edib. Unikal avtomobil Pebble Beach Concours d'Elegance sərgisində nümayiş etdirilib və artıq onun geniş ictimaiyyət qarşısında görünməsi ehtimalı demək olar ki, yoxdur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.