Ötən il Ostin şəhərində keçirilməsi nəzərdə tutulan ABŞ Qran Prisi, rəsmi sənədlərdə yaranmış yanlışlıq və dövlət subsidiyası ilə əlaqədar təxirə salınmışdır. Yarışın təşkilatçılarına bununla bağlı ciddi tədbir görülməsi barədə tapşırıqlar verilmişdir.
Məsələ ilə bağlı fikir bildirən Formula 1-in kommersiya məsələləri üzrə direktoru Şon Bratçes yaranan problemlərə baxmayaraq ABŞ Qran Prisinin maliyyə gücündən əmin olduğunu bildirib.

Onun sözlərinə görə, yarışlar bu ildə Ostin şəhərində keçiriləcək: "Bizim, yarış nümayəndələri ilə çox yaxşı münasibətlərimiz var. Bu mərhələ isə mövsümün əsas hissəsidir və hər birimiz üçün olduqca vacibdir. Hər şeyin yüksək səviyyədə olması üçün əlimizdən gələni edəcəyik. Bu il və növbəti illərdə Ostində baş tutacaq Qran Prini hər birimiz səbirsizliklə gözləyirik, çünkü bu trası komandalar, pilotlar və avtoidman həvəskarları çox sevir."
Qeyd edək ki, ABŞ-da keçiriləcək Qran Prinin müqaviləsi 2021-ci ildə bitir.