Aviasiya sektorunun bütün dünyanı ağuşuna alan pandemiyaya görə, 2021-ci ilə qədər böyük itkilərlə üzləşəcəyi ehtimal olunur. ABŞ-ın 3 böyük aviaşirkəti - Delta, United Airlines və American Airlines böyük maliyə böhranına indidən hazırlaşmağa başlayıb.

Sərnişin sayının kəskin azalması və bir çox ölkəyə uçuş məhdudiyyətinin olması ilə çətin vəziyyətə düşən bu şirkətlər hökumətin dəstəyinin kəsiləcəyi payız ayları və sonrası üçün indidən qabaqlayıcı tədbirlər görməyə çalışır. 

Cowen & Co investisiya şirkəti vəziyyətin ilin sonuna qədər çətinləşməkdə davam edəcəyini, pandemiyaya qədərki bilet satışı rəqəmlərinə isə yalnız 2025-ci ildə çatmağın mümkün olduğunu proqnozlaşdırır. ABŞ hökuməti aviaşirkətlərə sentyabr ayına qədər 50 milyard dollarlıq yardım edəcəkdir. Bu müddət ərzində işçi ixtisarına icazə verilmir, lakin şirkətlər əməkdaşların üzərində müxtəlif təzyiq formalaşdıraraq onların işdən ayrılmasına nail olurlar.

United-in rəhbəri Oskar Munoz kollektivə göndərdiyi məktubda mövcud vəziyyətə görə şirkətin kiçilməyə getməli olduğunu bildirib. Həm də, United bu günlərdə 22 təyyarəsini Sinqapurda yerləşən və Çinə aid bir şirkətə satıb, sonra isə onları yenidən icarəyə götürüb. Beləliklə, nəğd pul problemini həll etməyə çalışıblar. ABŞ Nəqliyyat Departamentinin məlumatlarına görə, son günlərdə sərnişin sayı keçən illə müqayisədə 96% azalıb.

Başqa sözlə, 2,4 milyon nəfərdən 95,5 min nəfərə düşüb. Son iki ayda bu 3 şirkətin əməkdaşlarının 25%-dən çoxunu təşkil edən 87000 nəfər ödənişsiz məzuniyyətə və ya təqaüdə göndərilib. Hazırda bu şirkətlərə aid təyyarələr orta hesabla ölkədaxili uçuşlarda 10, beynəlxalq uçuşlarda isə 24 sərnişin daşıyırlar. Bu da gəlirlərin 100% azalması deməkdir. Beləliklə, həm maaşları azaltmaqla, həm də payızdan etibarən ixtisarlar aparmaqla xərclərin azaldırlmasına çalışılacaq.